Mixeil Saakaşvili: Belə davam etsə, növbəti addım Abxaziyadan rəsmi imtina və Gürcüstanın İvanişvilinin varislərinin mülkiyyətinə çevrilməsi olacaq
Gürcüstanın üçüncü prezidenti Mixeil Saakaşvili "sabotaj işi" üzrə keçirilən məhkəmə prosesində çıxışı zamanı ölkədə baş verən proseslərlə bağlı sərt bəyanatlar səsləndirib.
InterPress.ge xəbər verir ki, Saakaşvilinin sözlərinə görə, hazırda Telavi və Batuminin dağıdılması prosesi gedir və cəmiyyət buna etiraz etməsə, növbəti mərhələdə Abxaziyadan rəsmi imtina və daha sonra Gürcüstanın Bidzina İvanişvilinin ailə mülkiyyətinə çevrilməsi baş verəcək.
"Mən bu gün gürcü xalqına müraciət edirəm. Əziz həmvətənlərim, əsrlər boyu saysız-hesabsız işğalçılar sizə bu ölkənin sizə məxsus olduğu hissini unutdurmağa çalışıblar. Sizə təlqin ediblər ki, bu ölkə işğalçılarındır, siz isə burada müvəqqətisiniz. Müstəqillikdən artıq onilliklər keçib və bu müddət vətənə sahiblik hissinin formalaşması üçün kifayət etməli idi. Bəs niyə bu gün Gürcüstanı ələ keçirmiş quldur dəstəsinə imkan verirsiniz ki, sizi qarət etsin, alçaltsın və məsxərəyə qoysun?" – deyə Saakaşvili bildirib.
Keçmiş prezident iddia edib ki, Tbilisi, Batumi və Telavidə dağıntılar davam edir və bu prosesə səssiz qalınarsa, növbəti addım Abxaziyadan rəsmi şəkildə imtina etmək olacaq.
"Bu dağıntıya da göz yumacağıq? Onda bilin ki, növbəti addım bizim tarixi torpağımız olan Abxaziyadan rəsmi imtina və onun Rusiyaya verilməsi olacaq. Bundan sonra isə İvanişvilinin ailəvi dinastiyası elan ediləcək və Gürcüstan rəsmi şəkildə onun varislərinin mülkiyyətinə keçiriləcək. Müvafiq sənəd artıq Çorvilada notarius tərəfindən hazırlanır və onu yenə də sizə imzaladacaqlar", – deyə Saakaşvili bildirib.
O əlavə edib ki, öz imkanları daxilində ölkə üçün əlindən gələni edib və indi Gürcüstan vətəndaşlarını həlledici mübarizəyə çağırır.
"Mən bacardığım hər şeyi etdim. Bu ölkədən şəxsi qazancım olmayıb – Gürcüstanda nə evim, nə də başqa əmlakım var. Mənə verilən bütün hədiyyələri dövlətə təhvil vermişəm. İndi edə biləcəyim yeganə şey sizi qətiyyətli mübarizəyə və birlikdə hər şeyi dəyişə biləcəyimizə inanmağa çağırmaqdır", – deyə Mixeil Saakaşvili vurğulayıb.


