17 
Iyl
2026
12:52
111

Mamuka Mdinaradze: İfadə azadlığı insan ləyaqətinin alçaldılması ola bilməz

Gürcüstanın Baş nazirinin müavini və hüquq-mühafizə orqanlarının koordinasiyası məsələləri üzrə dövlət naziri Mamuka Mdinaradze bildirib ki, heç bir halda təhqir və söyüş cəmiyyət üçün norma ola bilməz.

InterPress.ge xəbər verir ki, o, bu barədə Nifrət Nitqinə Qarşı Mübarizə İdarəsinin fəaliyyətini qiymətləndirərkən danışıb.

Mdinaradzenin sözlərinə görə, hazırda tətbiq olunan sərt hüquqi siyasət uzunmüddətli perspektivdə təhqirin cəmiyyətdə normal davranış formasına çevrilməsinin qarşısını alacaq.

"Məqsədimiz insanların bir-birini təhqir etməsini norma kimi qəbul etməməsi və bunu davranış qaydasına çevirməməsidir. Ola bilər ki, bu gün bu istiqamətdə sərt hüquqi siyasət tətbiq olunur, lakin orta və uzunmüddətli perspektivdə bu, təhqirin norma halına gəlməsinə imkan verməyəcək. Bunun üçün qanun pozuntuları cəzalandırılmalıdır", – deyə o bildirib.

Baş nazirin müavini qeyd edib ki, zaman keçdikcə insanların davranışı hüquqi deyil, mənəvi dəyərlər əsasında formalaşa bilər. Lakin hazırkı mərhələdə hüquqi mexanizmlərin tətbiqi zəruri idi.

Onun sözlərinə görə, artıq bu siyasətin nəticələri görünməyə başlayıb və sosial şəbəkələrdə nifrət və düşmənçilik xarakterli paylaşımların sayı azalıb.

"Əgər bu nəticəni əldə etsək, bu, insanlar arasında münasibətlərin normallaşmasına da xidmət edəcək. Hamı bilməlidir ki, kənardan kimlərəsə nə tapşırıq verilməsindən asılı olmayaraq, söyüş və təhqir heç vaxt norma ola bilməz. İfadə azadlığı insan ləyaqətinin alçaldılması demək deyil. Buna öyrəşməli, qanunun nəzərdə tutduğu sərt cəzanı qəbul etməlidirlər. Əgər eyni əməlləri təkrar etsələr, Gürcüstanın hüquqi siyasətinin müəyyən etdiyi daha ağır cəza ilə üzləşəcəklər", – deyə Mamuka Mdinaradze vurğulayıb.

Bizimlə əlaqə saxlayın