20 
Iyl
2026
13:32
87

Kaxa Kaladze: Trampın məktubunu müsbət qiymətləndiririk, ABŞ-la münasibətləri yeni səhifədən başlamağa hazırıq

Tbilisi meri, "Gürcü Arzusu" partiyasının baş katibi Kaxa Kaladze ABŞ Prezidenti Donald Trampın Gürcüstanın Baş naziri İrakli Kobaxidzeyə ünvanladığı məktubu müsbət qiymətləndirib.

InterPress.ge xəbər verir ki, Kaladze jurnalistlərə açıqlamasında Gürcüstanın ABŞ ilə dostluq və strateji tərəfdaşlığı inkişaf etdirməyə hazır olduğunu bildirib.

Onun sözlərinə görə, Gürcüstan hökuməti iki ölkə arasında münasibətlərin yeni mərhələdən başlamasını dəfələrlə təklif edib.

"Əlbəttə, bu məktubu müsbət qiymətləndiririk. Gürcüstan hakimiyyəti dəfələrlə bəyan edib ki, ABŞ ilə münasibətləri yeni səhifədən başlamağa hazırdır. Biz tam şəffafıq və dostluğa, tərəfdaşlığa hazırıq. Əvvəlki administrasiya dövründə Gürcüstana qarşı nümayiş etdirilən ədalətsiz münasibət bizim üçün qətiyyən qəbuledilməz idi. Heç bir əsaslandırma olmadan tətbiq edilən sanksiyaların hüquqi əsası yox idi. Bu, sadəcə şantaj və təzyiq vasitəsi idi. Hesab edirəm ki, Prezident Donald Trampın rəhbərlik etdiyi indiki administrasiya Gürcüstan dövlətinə və gürcü xalqına qarşı qəbul edilmiş həmin ədalətsiz qərarları çox asanlıqla dəyişə bilər. Biz dostluğa və əməkdaşlığa hazırıq. Strateji tərəfdaşlıqdan danışarkən isə həm ABŞ, həm də Gürcüstanın, eləcə də hər iki xalqın maraqlarının qorunması vacibdir", – deyə Kaladze bildirib.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp Gürcüstanın Baş naziri İrakli Kobaxidzeyə ABŞ-ın Müstəqillik Gününün 250 illiyi münasibətilə göndərdiyi təbrik məktubuna cavab olaraq təşəkkür məktubu ünvanlayıb.

Tramp məktubunda bildirib ki, ABŞ və Gürcüstan suverenliyin, təhlükəsizliyin və uzunmüddətli rifahın təmin olunması istiqamətində birgə fəaliyyət göstərməklə mühüm irəliləyiş əldə edə bilərlər.

"Cənab Baş nazir, ABŞ-ın Müstəqillik Gününün 250 illiyi münasibətilə göndərdiyiniz təbrikə görə təşəkkür edirəm. Müstəqillik Günü ölkəmizin yaranmasının, azadlıq, qətiyyət və sarsılmaz iradə ruhunun bayramıdır. Tarix boyu ölkəmizə yol göstərən prinsiplərlə fəxr edir və bu dəyərləri bölüşən tərəfdaşlarımızın dostluğunu yüksək qiymətləndiririk. Suverenliyin, təhlükəsizliyin və davamlı rifahın möhkəmləndirilməsi naminə birlikdə çalışaraq mühüm nəticələr əldə edə bilərik. Əməkdaşlığımızın daha da güclənməsini səbirsizliklə gözləyirəm ki, birlikdə daha təhlükəsiz, firavan və sülh içində gələcəyə doğru irəliləyək", – deyə Donald Tramp məktubunda qeyd edib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər