Gürcüstan XİN Aİ-nin sanksiyalar paketinə Kulevi neft emalı zavodunun daxil edilməsindən təəssüfləndiyini bildirib
Gürcüstan Xarici İşlər Nazirliyi Avropa İttifaqının sanksiyalarının 21-ci paketinə Kulevi neft emalı zavodunun daxil edilməsi ilə bağlı qərardan təəssüfləndiyini bildirib.
InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan Xarici İşlər Nazirliyi bəyanat yayıb.
Bəyanatda qeyd olunub ki, Gürcüstan Avropa İttifaqının tətbiq etdiyi sanksiya rejimini və onun kontekstini tam nəzərə alır, həmçinin ölkə ərazisinin sanksiyalardan yayınmaq üçün istifadə edilməsinin qarşısını almaq məqsədilə bütün zəruri tədbirləri görür.
Nazirliyin məlumatına görə, bu istiqamətdə Aİ ilə əməkdaşlıq şəffaflıq və açıqlıq prinsiplərinə əsaslanır. Gürcüstanın müvafiq qurumları Avropa İttifaqı institutlarını bütün zəruri məlumat və izahlarla vaxtında təmin edir.
Bəyanatda vurğulanır ki, bu günədək Gürcüstan ərazisində Avropa İttifaqının sanksiyalarından yayınma ilə bağlı heç bir fakt qeydə alınmayıb.
XİN bildirib ki, Aİ-nin 21-ci sanksiyalar paketinin hazırlanması zamanı Gürcüstan tərəfi Avropa Komissiyasına Kulevi neft emalı zavodunun sanksiyalar siyahısına daxil edilməsinin faktiki və hüquqi əsasının olmadığını təsdiqləyən ətraflı məlumat və sənədlər təqdim edib.
Gürcüstan Xarici İşlər Nazirliyi ümid etdiyini bildirib ki, Avropa Komissiyasının müvafiq xidmətləri və Avropa İttifaqına üzv dövlətlər qərarda nəzərdə tutulan altı aylıq müddət ərzində ədalət prinsipini rəhbər tutaraq bu qərara yenidən baxacaqlar.
Bəyanatda həmçinin qeyd olunub ki, Gürcüstan Avropa İttifaqı institutları ilə əməkdaşlığı davam etdirməyə və onlara bütün zəruri məlumatları təqdim etməyə hazırdır.


