OXU Olimpiadası 2026-nın qalibləri mükafatlandırıldı
OXU Təhsil Mərkəzində təşkil olunan təntənəli mərasimdə OXU Olimpiadası 2026-nın qalibləri diplom, medal və xüsusi hədiyyələrlə təltif olunublar.
InterPress.ge xəbər verir ki, ilk dəfə təşkil olunan olimpiadanın birinci mərhələsində Marneuli, Qardabani və Bolnisi rayonlarından 200-dən çox şagird iştirak edib. Gərgin mübarizə şəraitində keçən ilk turun nəticələrinə əsasən 120 nəfər şagird ikinci tura vəsiqə qazanaraq final mərhələsində öz bilik və bacarıqlarını nümayiş etdirmək imkanı əldə edib.
Final mərhələsinin yekununda hər sinif və fənn üzrə qaliblərə diplom və medallar təqdim olunub. Bununla yanaşı, hər fənn üzrə bütün siniflər arasında ən yüksək nəticə göstərən şagirdlər xüsusi hədiyyələrlə mükafatlandırılıblar.
Fənlər üzrə ən yüksək nəticə göstərən şagirdlər bunlar olublar:
Gürcü dili üzrə Gülsüm Vəliyeva (Candar İctimai Məktəbi) – 100 bal;
Riyaziyyat üzrə Qurban Orucov (Marneuli №3 İctimai Məktəbi) – 100 bal;
İngilis dili üzrə Hüseyn Bədəlov (Marneuli №3 İctimai Məktəbi) – 95 bal.
Mərasim çərçivəsində qalib şagirdlərin təhsil aldıqları məktəblər də xüsusi olaraq mükafatlandırılıb. “Qalib şagirdlərin məktəbi” nominasiyası üzrə Candar İctimai Məktəbi və Marneuli №3 İctimai Məktəbi təltif olunub.
“Ən aktiv məktəb” nominasiyası üzrə isə Yuxarı Saral İctimai Məktəbi kubokla mükafatlandırılıb.
Tədbirin sonunda olimpiadanın bütün qalibləri, onların müəllimləri, valideynləri və yarışda iştirak edən bütün şagirdlər təbrik olunub, onlara gələcək təhsil həyatlarında yeni uğurlar arzulanıb.
OXU Təhsil Mərkəzi bildirib ki, olimpiadanın əsas məqsədi şagirdlərin bilik və bacarıqlarının qiymətləndirilməsi, onların elmə marağının artırılması və istedadlı məktəblilərin üzə çıxarılmasıdır.








