Gürcüstan hökumətində regional siyasət üzrə dövlət naziri vəzifəsi yaradılır
Gürcüstan hökumətinin strukturunda regional siyasət məsələləri üzrə dövlət naziri vəzifəsi yaradılacaq. Bu vəzifəyə Mamuka Mdinaradze təyin olunacaq.
InterPress.ge xəbər verir ki, bu barədə Baş nazir İrakli Kobaxidze keçirdiyi brifinqdə məlumat verib.
Baş nazirin sözlərinə görə, Mamuka Mdinaradze eyni zamanda Gürcüstanın vitse-baş naziri vəzifəsini də icra etməyə davam edəcək.
İrakli Kobaxidze bildirib ki, son aylarda hüquq-mühafizə orqanlarının koordinasiyası istiqamətində görülən işlər gələcəkdə bu sahədə ayrıca dövlət naziri vəzifəsi olmadan da səmərəli fəaliyyət göstərməyə imkan verir. Buna görə də hüquq-mühafizə orqanlarının koordinasiyası məsələləri üzrə dövlət naziri vəzifəsi sentyabrın ilk həftəsində qanunla ləğv ediləcək, həmin vaxta qədər isə vakant qalacaq.
Baş nazir qeyd edib ki, hazırda dövlət qarşısında duran əsas vəzifələrdən biri regional siyasətin gücləndirilməsidir. Regional siyasət məsələləri üzrə dövlət naziri regionlarda idarəetmənin səmərəliliyinin təmin edilməsinə cavabdeh olacaq.
Kobaxidzenin sözlərinə görə, regional siyasət üzrə dövlət naziri vəzifəsinin yaradılması ilə Gürcüstanın Regional İnkişaf Nazirliyi öz əhəmiyyətini itirir və buna görə də sentyabr ayında ləğv ediləcək.
Hazırkı Regional İnkişaf naziri Kaxa Quledani Gürcüstanın İnfrastruktur Nazirinin birinci müavini vəzifəsinə təyin olunacaq.
Baş nazir Kaxa Quledaniyə nazir vəzifəsində göstərdiyi yüksək peşəkarlığa və vicdanlı fəaliyyətinə görə təşəkkür edib.
Qeyd olunub ki, regional siyasət üzrə dövlət naziri vəzifəsinin yaradılması qanunvericilik dəyişikliyi tələb etdiyindən, həmin vəzifə təsis olunana qədər – sentyabrın ilk həftəsinədək Mamuka Mdinaradze Regional İnkişaf naziri vəzifəsini icra edəcək.
İrakli Kobaxidze parlamentə müraciət edərək növbəti parlament sessiyasının ilk həftəsində Gürcüstan hökumətinin strukturunda dəyişikliklərlə bağlı qanunlar paketinin sürətləndirilmiş qaydada qəbul edilməsini xahiş edib.
Baş nazir çıxışının sonunda Mamuka Mdinaradzeyə yeni vəzifəsində uğurlar arzulayaraq bildirib ki, regional siyasətin səmərəli icrası dövlət üçün xüsusi əhəmiyyət daşıyan vəzifələrdən biridir və bu missiyanı onun siyasi və idarəçilik təcrübəsi sayəsində ən yaxşı şəkildə yerinə yetirəcəyinə inanır.


