Gürcüstanın Regional İnkişaf Nazirliyi sentyabr ayında ləğv ediləcək
Gürcüstanın Regional İnkişaf Nazirliyi sentyabr ayında ləğv olunacaq.
InterPress.ge xəbər verir ki, bu barədə Baş nazir İrakli Kobaxidze keçirdiyi brifinqdə məlumat verib.
Baş nazirin sözlərinə görə, regional siyasət məsələləri üzrə dövlət naziri vəzifəsinin təsis edilməsi ilə Gürcüstanın Regional İnkişaf Nazirliyi öz funksional əhəmiyyətini itirir və buna görə də sentyabr ayında ləğv ediləcək.
İrakli Kobaxidze bildirib ki, Regional İnkişaf naziri Kaxa Quledani Gürcüstanın İnfrastruktur Nazirinin birinci müavini vəzifəsinə təyin olunacaq.
Baş nazir Kaxa Quledaniyə nazir vəzifəsində göstərdiyi yüksək peşəkarlığa və vicdanlı fəaliyyətinə görə təşəkkür edib.
Kobaxidzenin sözlərinə görə, dövlət naziri vəzifəsinin təsis edilməsi qanunvericilik dəyişikliyi tələb etdiyindən, həmin vəzifə yaradılanadək – sentyabrın ilk həftəsinədək Regional İnkişaf naziri vəzifəsini Mamuka Mdinaradze icra edəcək.
O, həmçinin qeyd edib ki, hüquq-mühafizə orqanlarının koordinasiyası məsələləri üzrə dövlət naziri vəzifəsi sentyabrın ilk həftəsində qanunla ləğv ediləcək və həmin vaxta qədər bu vəzifə vakant qalacaq.
Baş nazir parlamentə müraciət edərək növbəti parlament sessiyasının ilk həftəsində Gürcüstan hökumətinin strukturunda dəyişikliklərlə bağlı qanunlar paketinin sürətləndirilmiş qaydada qəbul edilməsini xahiş edib.


