Kobaxidze: "Niyə onlara 2008-ci ildən sonra deyil, indi 'rusofobiya' tapşırılıb?"
Gürcüstanın Baş naziri və "Gürcü Arzusu" Partiyasının sədri İrakli Kobaxidze bildirib ki, Gürcüstanda fəaliyyət göstərən və onun "xarici agentura" adlandırdığı qüvvələrin Rusiyaya münasibəti kənar qüvvələrin göstərişləri ilə formalaşır. O, 2008-ci il müharibəsindən sonra deyil, yalnız 2022-ci ildən etibarən sərt antirusiya ritorikasının ortaya çıxmasının səbəbinin müzakirə edilməli olduğunu qeyd edib.
InterPress.ge xəbər verir ki, İrakli Kobaxidze bu fikirləri sosial şəbəkədə yayımladığı məktubunda səsləndirib. Baş nazir bildirib ki, həm keçmişdə, həm də hazırda Gürcüstanda fəaliyyət göstərən və "xarici agentura" adlandırdığı qüvvələr xarici güclərin tapşırıqları əsasında hərəkət edir və onların "vətəni Gürcüstan deyil, 'Deep State'dir".
Kobaxidzenin sözlərinə görə, cəmiyyət qarşısında cavablandırılması vacib olan əsas sual budur ki, niyə həmin qüvvələrə Rusiyaya qarşı sərt mövqe nümayiş etdirmək tapşırığı 2008-ci il avqust müharibəsindən sonra deyil, məhz indi verilib.
"Hamımız bilirik ki, həm keçmişdə, həm də bu gün agentura Gürcüstanda xarici qüvvələrin tapşırıqlarına uyğun fəaliyyət göstərir və onların vətəni Gürcüstan deyil, 'Deep State'dir. Bu fonda maraqlıdır ki, niyə onlara rusofobiya məhz bunun üçün ən ciddi səbəbin olduğu 2008-ci il avqust müharibəsindən sonra tapşırılmamışdı və niyə bu göstəriş indi, Rusiya təcavüzünün qurbanı onların formal vətəni deyil, başqa, hərçənd dost ölkə olduğu vaxt verildi?" – deyə Baş nazir bildirib.
İrakli Kobaxidze əlavə edib ki, bu məsələnin Gürcüstan cəmiyyəti tərəfindən müzakirə olunması vacibdir. Onun sözlərinə görə, ölkə əhalisinin böyük əksəriyyəti səmimi vətənpərvərdir və hakimiyyətdən əsas gözləntisi sülhün, dövlət suverenliyinin və milli dəyərlərin qorunmasıdır.
Baş nazir qeyd edib ki, cəmiyyət bu məsələdə gördüyü məntiqsizliyə özünün məntiqli izahını verə biləcək.


