Giorgi Pxakadze: Müxalifət konkret alternativ təklif etmək əvəzinə yalnız qışqırır
Həkim Giorgi Pxakadze Gürcüstan müxalifətini qeyri-peşəkarlıqda, strateji baxışın olmamasında və ucuz populizmdə ittiham edib.
Pxakadze bu barədə sosial şəbəkədə yayımladığı video müraciətində danışıb.
Onun sözlərinə görə, müxalifətin konkret və ətraflı hazırlanmış strategiyası yoxdur və müxalifət yalnız qısamüddətli “Facebook bəyənmələri”nə fokuslanıb.
“Bütün bədbəxtlik ondadır ki, müxalifətdə də insanlar yoxdur. Çıxıb hansısa cəfəngiyyatlar danışırlar. Daşqınlıq mövzusu başa çatdı, artıq heç kimi maraqlandırmır. İndi isə deyirlər ki, gürcü nefti Abxaziyaya gedir. Məlumat üçün deyim ki, Abxaziya Gürcüstandır. Bizim neft Abxaziyaya gedirsə, bunun nə problemi var? Məntiqlə yanaşsaq, o da bizimdir, elə deyilmi?” – deyə Pxakadze bildirib.
Pxakadze müxalifətin əsas vəzifələrindən birinin hakimiyyətin fəaliyyətindəki problemləri göstərməklə yanaşı, alternativ təkliflər irəli sürmək olduğunu bildirib.
“Oppozisiyanın əsas məqsədlərindən biri bu olmalıdır və belə dədir: hakimiyyətdə olduğunuz zaman bir çox səbəbdən çox şeyi fiziki olaraq görə bilmirsiniz. Müxalifətin işi isə hakimiyyətin səhvlərini göstərməkdir. Amma məsələ yalnız ‘ağcaqanad kimi sancmaqda’ deyil. Siz alternativ də təklif etməlisiniz. Bizim müxalifətimiz isə yalnız qışqırır, fəryad edir”, – deyə o qeyd edib.
Onun sözlərinə görə, müxalifət tərəfindən konkret, uzunmüddətli və maliyyə təminatı olan strategiya təqdim edilməyib.
“Bir dənə hazırlanmış plan görmüsünüz? ChatGPT tərəfindən yazılmış iki səhifəlik planı nəzərdə tutmuram. Konkret plan – öz büdcəsi, insan resursları və strateji baxışları ilə. Məsələn, 15 ildən sonra səhiyyə sistemi necə olmalıdır? Belə bir plan görmüsünüz? Mən görməmişəm”, – deyə Pxakadze bildirib.
Həkim qeyd edib ki, ölkədə real müxalifətin olmaması hakimiyyət üçün də problemdir.
“Bizim müxalifətimiz yoxdur. Hökumət görür ki, onun faktiki olaraq opponentləri yoxdur. Bu, çox pisdir. Dövlət idarəçisinin opponentləri olmalıdır və o, həmin opponentə hörmət də etməlidir. Amma bir günlük Facebook paylaşımlarında bəyənmə toplamaqla maraqlanan insanlara necə hörmət etmək olar?” – deyə o bildirib.
Pxakadze müxalifət nümayəndəsi Nanuka Jorjoliani tərəfindən Facebook-da aylıq 25 milyon baxış toplaması ilə bağlı verilən açıqlamaya da münasibət bildirib.
“Mənim Facebook səhifəmdə hər ay sabit olaraq 25 milyon baxış var. Heç nə yazmadığım zaman 5 milyon olur, aktiv şəkildə paylaşım etdikdə isə 15 milyona qədər yüksəlir. Bundan əlavə, mənim agentliklərim də var və bəzən aylıq 30 milyon baxışa qədər çatırıq. Bütün bunlar heç bir reklam, bot və partiya aktivlərinin ‘klikləri’ olmadan baş verir. Giorgi Pxakadzenin və onun agentliklərinin aylıq 30 milyon baxışı var. Bəs sonra nə?” – deyə o bildirib.
Pxakadzenin sözlərinə görə, müxalifət real inkişaf və tərəqqi üçün təkliflər vermək əvəzinə sosial şəbəkələrdəki baxış və bəyənmə saylarına fokuslanıb.
“Bütün bədbəxtlik ondadır ki, onlar real inkişaf təklif etmək əvəzinə Facebook səhifələrinin baxışlarına keçiblər. Qeyri-adekvat olmaqla yanaşı, artıq qeyri-ciddi də görünürlər”, – deyə Pxakadze əlavə edib.
Həkim Abxaziyaya neft göndərilməsi ilə bağlı yayılan məlumatlara da toxunub.
“Bu gün deyirlər: ‘Ay aman, gürcü nefti Abxaziyaya gedir’. Abxaziya Gürcüstandır, bilməyənlərə xatırladıram. Yəni neft Zuqdididən Suxumiyə gedirsə, Gürcüstanın bir regionundan digər regionuna gedir. Mən, əksinə, Abxaziya ilə ticarətin gücləndirilməsini alqışlayıram. Bu şansdan istifadə etməliyik ki, maksimum ticarət və əlaqələr olsun”, – deyə Pxakadze bildirib.
O, həmçinin müxalifətin tənqidə münasibətini də tənqid edib.
“Bir daha deyirəm, qeyri-peşəkarlıq öldürür. Səsinizi çıxarıb fikir bildirdiyiniz və ya kiməsə irad tutduğunuz anda sizi təhqir edirlər. Bu, düzgün deyil. Ən böyük bədbəxtlik isə odur ki, sözdə müxalifət özünü tənqid etdikdə ‘müxalifəti necə tənqid edirsiniz?’ deyir. Bəs siz söz azadlığından və Avropa dəyərlərindən danışmırsınız? Sizi tənqid etdikdə bunun yanlış olduğunu düşünürsünüz. Məhz burada ilişib qalırsınız”, – deyə Giorgi Pxakadze bildirib.


