02 
Sen
2026
09:57
133

Dmitri Samxaradze İrakli Qaribaşvili haqqında: Bu, ideallarımıza xəyanət edən insanın karyerasını necə ağır və faciəvi şəkildə başa vurduğuna dair növbəti dərsdir

“Bu, ideallarımıza xəyanət edən, şəxsi maddi rifahını vətənə, prinsiplərə və komanda birliyinə dəyişən insanın karyerasını necə ağır, eyni zamanda necə faciəvi şəkildə başa vurduğuna dair növbəti dərsdir”, – “Gürcü Arzusu” partiyasının deputatı Dmitri Samxaradze keçmiş baş nazir İrakli Qaribaşvilinin cəzaçəkmə müəssisəsindən göndərdiyi məktuba belə münasibət bildirib.

InterPress.ge xəbər verir ki, Dmitri Samxaradaze sosial şəbəkədə yazıb ki, “Qaribaşvili özünün qanunsuz əldə etdiyi pulla maliyyələşdirdiyi tualet makulaturasının – «Asaval-Dasavali»nin səviyyəsinə enib”.

Samxaradze qeyd edib ki, İrakli Qaribaşvili etiraf etdiyi korrupsiya cinayətindən sonra həbsxanadan “Gürcü Arzusu” və partiyanın təsisçisi Bidzina İvanişviliyə qarşı təhqiramiz və çirkli kampaniyaya başladıqdan sonra partiyanın regional katibi kimi bu vaxta qədər ictimai mövqeyini açıqlamayıb.

“Maraqlanırdım və gözləyirdim ki, özünün etiraf etdiyi cinayəti törətmiş şəxsin hansı yolu keçəcəyini, təəssüf ki, vaxtilə komandamızın lideri olmuş və əvvəlcə korrupsiyaya bulaşan, daha sonra cinayətini etiraf edən və cəzasını özü qəbul edən insanın hansı deqradasiya səviyyəsinə çatacağını görüm.

Təəssüf ki, Qaribaşvili özünün qanunsuz əldə etdiyi pulla maliyyələşdirdiyi tualet makulaturasının – «Asaval-Dasavali»nin səviyyəsinə qədər enib. Təbii ki, mən bu şəxsin cəfəngiyyatlarının məzmununu müzakirə etmək niyyətində deyiləm, çünki onun heç bir sözünü rasional müzakirəyə cəlb etmək mümkün deyil. Onun başına gələnlər şəxsi, siyasi və insani faciəsidir.

Mən sadəcə siyasi komandamızın böyük ailəsinə demək istəyirəm – bu, ideallarımıza xəyanət edən, şəxsi maddi rifahını vətənə, prinsiplərə və komanda birliyinə dəyişən insanın karyerasını necə ağır, eyni zamanda necə faciəvi şəkildə başa vurduğuna dair növbəti dərsdir.

Sonda isə “Gürcü Arzusu”nun sadiq, həqiqi əsgərlərinə müraciət edirəm: vətəni geri qaytarmaq, agenturanı aradan qaldırmaq və ölkəni azad etmək uğrunda bizim barışmaz mübarizəmiz 2011-ci ildə millət xadiminin rəhbərliyi ilə başladı. O vaxtdan etibarən hər günümüz xalqın böyük qələbəsini qorumaq, bu qiymətli nailiyyəti hifz etmək prosesidir.

Bu çətin yolda gördüyümüz çoxsaylı xəyanətlərin qarşılığında isə “Gürcü Arzusu”nun həqiqi əsgərlərinin bir-birimizə göstərdiyimiz birlik dayanır. Məhz bu möhkəm birliklə vətənimizi gücləndiririk”, – Dmitri Samxaradze sosial şəbəkədə yazıb.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər