İrakli Çxeişvili: “İrakli Qaribaşvili yox, hətta Mixeil Saakaşvilini də heç kim təqib etmir”
“Gürcü Arzusu”nun deputatı İrakli Çxeişvili həbsdə olan sabiq Baş nazir İrakli Qaribaşvilinin növbəti məktubuna münasibət bildirib. O, Qaribaşvilinin verdiyi bəyanatları spekulyasiya adlandırıb.
InterPress.ge xəbər verir ki, Çxeişvili İrakli Qaribaşvilinin istintaqla özü əməkdaşlıq etdiyini və ittihamı qəbul etdiyini, hazırda isə cəzasını qanuni şəkildə çəkdiyini bildirib.
“Biz siyasi motivlə heç kimi təqib etmirik. Hər bir insan öz fikrini ifadə edə bilər. Cənab İrakli Qaribaşvili siyasətə qayıtdığını bildirib. Yəqin ki, siyasi partiya yaradacaq və siyasi fəaliyyətini davam etdirəcək. Lakin onun bu günədək verdiyi bütün bəyanatlar spekulyasiyadır.
Biz heç kimi təqib etmir, heç kimə şantaj etmirik. Onun danışdıqları yalnız öz təsəvvürləridir. Çox təəssüf ki, komandamızın keçmiş lideri, sabiq Baş nazir yanlış məlumatlandırılıb.
Bu konkret halda bizim tərəfimizdən ona arxadan zərbə vurulmayıb. O, istintaqla özü əməkdaşlıq edib və ittihamı qəbul edib. Hazırda cəzasını qanuni şəkildə çəkir. Fakt budur ki, o, yanlış məlumatlandırılıb. İrakli Qaribaşvili yox, hətta Mixeil Saakaşvilini də heç kim təqib etmir. Hər bir məhkum cəzasını ədalətli şəkildə çəkir”, - deyə İrakli Çxeişvili bildirib.


