Kobaxidze Dövlət Təhlükəsizliyi Xidmətinin rəhbəri vəzifəsinə Tamaz Boraşvilinin namizədliyini təqdim etdi
Gürcüstanın Baş naziri İrakli Kobaxidze Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəhbəri vəzifəsinə Tamaz Boraşvilinin namizədliyini təqdim edib.
InterPress.ge xəbər verir ki, bununla bağlı İrakli Kobaxidze Hökumət Administrasiyasında keçirilən brifinqdə məlumat verib.
Tamaz Boraşvili bu günədək Dövlət Təhlükəsizliyi Xidmətində həmin qurumun rəhbərinin müavini vəzifəsində çalışıb.
“Bu gün Gürcüstan Dövlət Təhlükəsizliyi Xidmətinin rəhbəri vəzifəsinə Tamaz Boraşvilinin namizədliyini Gürcüstan parlamentinə təqdim edəcəyik. Tamaz Boraşvili 20 ildən artıqdır ki, hüquq-mühafizə sistemində xidmət edir. O, dövlət təhlükəsizliyi sistemində fəaliyyətə ən aşağı vəzifədən başlayıb və Əks-kəşfiyyat Departamentində müxtəlif pillələr üzrə ardıcıl karyera yüksəlişi keçib.
2017-2022-ci illərdə Tamaz Boraşvili Gürcüstan Daxili İşlər Nazirliyində Baş Müfəttişliyin rəhbərinin birinci müavini və Baş Müfəttişliyin rəhbəri vəzifələrində çalışıb. 2022-ci ildə yenidən Dövlət Təhlükəsizliyi Xidmətinə qayıdaraq, Dövlət Təhlükəsizliyi Departamentinin Tbilisi Baş İdarəsinin rəisi və Dövlət Təhlükəsizliyi Departamentinin direktoru vəzifələrini tutub. Bu il isə Dövlət Təhlükəsizliyi Xidmətinin rəhbərinin müavini təyin olunub.
Xüsusilə vurğulamaq istəyirəm ki, son iki onillik ərzində Tamaz Boraşvili dövlət təhlükəsizliyi sisteminin rəhbəri vəzifəsini tutacaq ilk karyera əməkdaşı olacaq. Düşünürük ki, bu, sistemin institusional baxımdan gücləndirilməsində mühüm rol oynayacaq. Əminəm ki, Gürcüstan parlamenti Tamaz Boraşviliyə etimad göstərəcək. Ona Dövlət Təhlükəsizliyi Xidmətinin rəhbəri vəzifəsində uğurlar arzulayıram”, - deyə İrakli Kobaxidze bildirib.
Qeyd edək ki, Tamaz Boraşvilinin Dövlət Təhlükəsizliyi Xidmətinin rəhbəri vəzifəsinə namizədliyi Gürcüstan parlamenti tərəfindən təsdiqlənməlidir.
Xatırladaq ki, Dövlət Təhlükəsizliyi Xidmətinin rəhbəri Gela Geladze bir qədər əvvəl sosial şəbəkə hesabında vəzifəsini tərk etdiyini açıqlayıb.


