Parlament İnfrastruktur və Regional İnkişaf nazirliklərinin birləşdirilməsini təsdiqləyib
Gürcüstan parlamenti İnfrastruktur və Regional İnkişaf nazirliklərinin vahid qurumda birləşdirilməsini nəzərdə tutan qanunvericilik paketinə dair yekun qərarını qəbul edib. Bununla yanaşı, hüquq-mühafizə orqanlarının koordinasiyası məsələləri üzrə dövlət naziri vəzifəsi də ləğv olunub.
InterPress.ge xəbər verir ki, hökumətin parlamentə təqdim etdiyi qanun layihəsi sürətləndirilmiş qaydada müzakirə edilib və üçüncü oxunuşda 83 səslə lehinə, 1 səslə əleyhinə olmaqla qəbul edilib.
Qanun layihəsinə əsasən, Hökumət Administrasiyasına dövlət nümayəndələri və bələdiyyə orqanları ilə münasibətlərin koordinasiyası və bu istiqamətdə fəaliyyətin dəstəklənməsi funksiyası verilib.
Xatırladaq ki, hökumətin strukturunda dəyişikliklərlə bağlı hökumət başçısının əvvəlcə tamamilə fərqli təşəbbüsü və planları olub.
Parlamentin payız sessiyasının açılışı zamanı Büro iclasında hökumətin Regional İnkişaf Nazirliyinin ləğv edilməsini və hökumətin tərkibində yeni vəzifənin - regional siyasət məsələləri üzrə dövlət naziri postunun yaradılmasını nəzərdə tutan qanunvericilik paketi təqdim edilmişdi.
Məlum olduğu kimi, regional siyasət məsələləri üzrə dövlət naziri vəzifəsini Mamuka Mdinaraşvili tutmalı idi. Lakin Mdinaraşvili hökuməti tərk edib və siyasətdən getdiyini açıqlayıb. Bundan sonra hökumət parlamentə təqdim etdiyi qanun layihəsini geri götürüb.


