Hökumət Qrantların İdarə Edilməsi Agentliyini bağlayır
Gürcüstan hökuməti Dövlət Qrantlarının İdarə Edilməsi Agentliyinin fəaliyyətinə xitam vermək qərarına gəlib. Baş nazir İrakli Kobaxidzenin sözlərinə görə, agentlik “tədricən fəaliyyətini dayandırma rejimindədir” və ilin sonuna qədər bağlanacaq.
InterPress.ge xəbər verir ki, Kobaxidze jurnalistlərə açıqlamasında agentliyin bağlanacağını bildirib və QHT-lərin xarici siyasi müdaxilə vasitəsi kimi yaradıldığını iddia edib.
“QHT süni bir fenomendir, xarici siyasi müdaxilə üçün süni şəkildə yaradılıb. Biz müvafiq agentlik yaratdıqda bunun belə olduğu ortaya çıxdı. QHT-nin yeganə məqsədi bir dövlətin digər dövlətin işlərinə müdaxiləsi ola bilər. QHT-lər vaxtilə bunun üçün yaradılıb. Bir əsr əvvəl QHT-lər mövcud deyildi. Sonradan yaradıldılar və QHT-lər xarici müdaxilənin əsas aləti kimi istifadə olunurdu. Gürcüstanda bunun çoxsaylı nümunələrini gördük.
Müvafiq olaraq, QHT-lər yaradıb belə qurumları maliyyələşdirməyimiz düzgün deyil. Buna görə də belə qərar qəbul etdik”, – deyə baş nazir bildirib.
Məlumat üçün bildirək ki, Dövlət Qrantlarının İdarə Edilməsi Agentliyi hökumətin 119 saylı qərarı ilə 2025-ci il aprelin 15-də yaradılıb. Agentlik ilk qrant müraciətlərini həmin ilin iyul ayında qəbul etməyə başlayıb.
Agentliyin yaradılmasından əvvəl “Xarici maliyyələşmənin şəffaflığı haqqında” qanun qəbul edilib və “Qrantlar haqqında” qanuna dəyişikliklər edilib. Sözügedən dəyişikliklərin məqsədi Qərb donorları tərəfindən təşkilatlara qrant maliyyələşdirilməsinin məhdudlaşdırılması olub.
Hakim komanda bunun alternativi olaraq Dövlət Qrantlarının İdarə Edilməsi Agentliyini yaradıb və qrant vəsaitlərinin dövlət büdcəsindən ayrılmasını təmin edib.


