İrakli Kobaxidze: Biz İrana heç bir ikitərəfli sanksiya tətbiq etmirik
“Biz İrana heç bir ikitərəfli sanksiya tətbiq etmirik. Bu, absurd və yanlış olardı. Biz müəyyən edilmiş sanksiya rejiminə uyğun hərəkət edirik”, – Gürcüstanın Baş naziri İrakli Kobaxidze bildirib.
InterPress.ge xəbər verir ki, Kobaxidze bu barədə Gürcüstanda İran aviaşirkətlərinin uçuşlarının dayandırılması ilə bağlı suala cavab verərkən danışıb.
Hökumət başçısının sözlərinə görə, Gürcüstan tətbiq edilmiş sanksiya rejiminə uyğun fəaliyyət göstərir.
“Bildiyiniz kimi, biz sanksiya rejimlərini nəzərə alırıq. Müvafiq sanksiyalar qüvvəyə minmişdi və Gürcüstan müxtəlif ölkələrə qarşı, konkret qurumlar və dövlətlər tərəfindən belə sanksiyalar tətbiq edildikdə, həmişə sanksiya rejimlərini nəzərə aldığı üçün biz də bununla bağlı müvafiq qərar qəbul etdik. Bununla əlaqədar İqtisadiyyat Nazirliyi də açıqlama yayıb.
Biz sanksiya rejimini nəzərə alırıq. Tətbiq edilmiş sanksiya rejiminə uyğun fəaliyyət göstəririk. Biz İrana heç bir ikitərəfli sanksiya tətbiq etmirik. Bu, absurd və yanlış olardı. Biz müəyyən edilmiş sanksiya rejiminə uyğun hərəkət edirik”, – deyə İrakli Kobaxidze bildirib.
Məlumat üçün bildirək ki, ABŞ 27 İran aviaşirkətinə qarşı sanksiya tətbiq etmək qərarı qəbul edib. Həmin aviaşirkətlərin bir qismi Gürcüstan və İran arasında da uçuşlar həyata keçirir.
Daha sonra Gürcüstanın Mülki Aviasiya Agentliyi ABŞ-ın qərarına münasibət bildirərək qeyd edib ki, “Gürcüstan tərəfi digər hallarda olduğu kimi, bu dəfə də beynəlxalq sanksiya rejiminin tələblərinə tam riayət etməklə hərəkət edəcək”.


