Gürcüstanda parlament seçkilərinin ikinci turu keçirilir
Bu gün Gürcüstanda parlament seçkilərinin növbəti - ikinci turunda səsvermələr keçirilir.
InterPress.ge xəbər verir ki, səsvermə prosesi saat 08:00-da 17 majoritar dairə üzrə başlayıb.
İkinci mərhələ Tbilisi üzrə 8, bölgələr üzrə isə 9 seçki dairəsində təşkil olunub.
Səsvermədə 2 140 210 seçicinin iştirak etmək hüququ var. Onlar 1 923 məntəqə və karantin zonalarında yaradılan 80 xüsusi məntəqədə öz seçimlərini edə biləcəklər.
Bununla yanaşı, Kutaisi şəhərində növbədənkənar mer seçkilərinin də II turu keçrilir.
Seçkiləri izləmək üçün seçki subyektlərinin 9 521 nümayəndəsi, 132 yerli təşkilatın 47 345, 48 beynəxalq təşkilatın isə 920 müşahidəçisi qeydiyyatdan keçib. Prosesi 118 media qurumunun 5 964 nümayəndəsi işıqlandıracaq.
Səsvermə prosesi saat 20:00-da başa çatacaq.
Qeyd edək ki, Gürcüstan müxalifəti parlament seçkilərinin II mərhələsində iştirakdan imtina edib.