Rəsmi şəxsdən açıqlama: Azərbaycan quru sərhədləri bu tarixdən aça bilər
“Aprel ayında quru sərhədlərinin ya qismən, ya da tam açılması mümkün ola bilər”.
InterPress.ge xəbər verir ki, bu sözləri Azərbaycanın Milli Məclisinin deputatı Musa Quliyev deyib.
O qeyd edib ki, quru sərhədlərinin açılması ilə bağlı hökumətdə məsləhətləşmələr gedir:
“Koronavirus pandemiyası dünyada yavaş-yavaş sona yetmək üzrədir. Azərbaycanda da bütün statistik göstəricilər yaxşıdır, epidemioloji situasiya gündən-günə yaxşılaşır. Bu səbəbdən məhdudiyyətlər də aradan qaldırılır. Mənim məlumatıma görə, quru sərhədlərinin açılması ilə bağlı hökumətdə məsləhətləşmələr gedir. Yəqin ki, aprel ayında quru sərhədlərinin ya qismən, ya tam açılması mümkün ola bilər”.
Deputat həmçinin qeyd edib ki, bu məsələ digər ölkənin epidemioloji vəziyyətindən də asılıdır:
“Quru sərhədlərinin açılması ikitərəfli həll olan məsələdir. Biz öz tərəfimizi aça bilərik, amma qarşı tərəfdə ölkənin epidemioloji vəziyyəti necədir, onlar açacaq, yoxsa yox, bundan da asılıdır. Ona görə də bu, hökumətlərarası danışıqlar səviyyəsində həll olunan bir məsələdir”.


