Aİ-nin xarici işlər nazirləri oktyabrın 12-də Gürcüstandakı vəziyyəti müzakirə edəcəklər
Avropa İttifaqının Xarici İşlər Şurasının oktyabrın 12-də Lüksemburqda keçiriləcək iclasında digər məsələlərlə yanaşı, Gürcüstandakı vəziyyət də müzakirə olunacaq.
InterPress.ge xəbər verir ki, bu barədə Avropa İttifaqının rəsmi internet səhifəsində məlumat dərc olunub.
Məlumata görə, iclasa Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas sədrlik edəcək.
Press-relizdə qeyd olunub ki, Aİ-yə üzv ölkələrin xarici işlər nazirləri Rusiyanın Ukraynaya qarşı apardığı təcavüzkar müharibəni, eləcə də Avropa İttifaqına və üzv dövlətlərə qarşı yönəlmiş, getdikcə güclənən hibrid fəaliyyət kampaniyasını müzakirə edəcəklər.
Müzakirələr zamanı Rusiyanın hibrid fəaliyyətini gücləndirməsinə qarşı Aİ-nin cavab tədbirləri, Ukraynaya dəstək və Rusiyaya təzyiq göstərilməsi məsələləri də nəzərdən keçiriləcək.
Müzakirədən əvvəl nazirlər ukraynalı həmkarları Andrey Sibiqa ilə fikir mübadiləsi aparacaqlar.
Şura, həmçinin İranda baş verən son hadisələr fonunda Yaxın Şərqdəki vəziyyəti, xüsusilə dəniz gəmiçiliyinin azadlığı məsələsini müzakirə edəcək.
Bundan əlavə, nazirlər Qəzza zolağında və İordan çayının qərb sahilindəki vəziyyətlə bağlı fikir mübadiləsi aparacaqlar.


