09 
Okt
2026
09:57
64

Fransada etiraz aksiyaları zamanı 500-dən çox insan saxlanılıb

Fransada cümə axşamı keçirilən etiraz aksiyalarında 71 500 nəfər iştirak edib. Onlardan 24 500-ü paytaxt Parisdə toplaşıb. Aksiyalar zamanı 500-dən çox insan saxlanılıb, 48 hüquq-mühafizə əməkdaşı isə yaralanıb.

InterPress.ge xəbər verir ki, bu barədə France 24 nəşri rəsmi şəxslərin açıqlamalarına istinadən məlumat yayıb.

Fransa Daxili İşlər Nazirliyinin məlumatına görə, aksiyalar zamanı ümumilikdə 504 nəfər saxlanılıb. Etirazçılarla hüquq-mühafizə orqanlarının əməkdaşları arasında baş verən qarşıdurmalar nəticəsində 48 asayiş keşikçisi xəsarət alıb.

Fransanın Baş naziri Sebastyan Lekornu təhsil naziri Eduard Jefrenin daha əvvəl açıqladığı tədbirlərin təfərrüatlarını təqdim edib. Plan 3 024 əvəzedici müəllimin səfərbər olunmasını nəzərdə tutur.

Bununla yanaşı, ən ciddi çətinliklərlə üzləşən 114 məktəbə üstünlük veriləcək.

“Əvəzedici müəllimlərin çatışmazlığı səbəbindən keçirilməyən hər dərs saatı şagirdlərə zərər vurur. Bu, ciddi problemdir”, – deyə baş nazir bildirib.

Sebastyan Lekornunun sözlərinə görə, hökumət 2027-ci ilin büdcəsinə dəyişikliklər edəcək və bununla da “şagirdlərin irəli sürdüyü bəzi təklifləri konkret tədbirlərə çevirməyə” çalışacaq.

Qeyd edək ki, Fransada şagirdlərin etiraz aksiyaları sentyabr ayında başlayıb. Şagirdlər məktəblərin maliyyələşdirilməsinin yetərli olmamasına, müəllim çatışmazlığına və tədris şəraitinin pisləşməsinə etiraz edirlər.

Etiraz hərəkatı başlayandan bəri 6 000-dən çox insan saxlanılıb. Saxlanılanların əksəriyyətinin yetkinlik yaşına çatmayan şəxslər olduğu bildirilir.

Bizimlə əlaqə saxlayın