Baş nazir: "Heç kimin təxribatına yol verməyəcəyik, biz güclü hakimiyyətik"
"Əgər radikal müxalifət konstruktiv dialoq istəyirsə, biz buna hazırıq".
InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstanın baş naziri İrakli Ğaribaşvili açıqlama verib.
Onun sözlərinə görə, bir çox konstruktiv addımlara baxmayaraq, radikal müxalifət Avropa İttifaqının tövsiyələrinin yerinə yetirilməsi prosesində hakimiyyətlə əməkdaşlıq etmir.
“Radikal müxalifətimizin dəst-xətti hər kəsə bəllidir. Bizim ictimai təklifimizə, atdığımız çoxlu konstruktiv addımlara baxmayaraq, siz də
gördünüz və hamımız şahid olduq ki, radikal müxalifət iqtidarla əməkdaşlıq etmir. Təbii ki, onların istəyi namizəd statusu almaq deyil.
Burada hər kəsə xatırlatmaq istərdim ki, məhz onların hakimiyyətdə olduğu dövrdə assosiasiya sazişi prosesi, vizasız rejim, azad ticarətlə bağlı danışıqlar 3 il gecikmə ilə başlayıb. Ona görə də təbii ki, biz çox yaxşı başa düşürük ki, onların əsl məqsədi bizim Avropa yolumuz deyil. Onları hərəkətə gətirən yeganə şey güclə hakimiyyətə qayıdışdır ki, bu da təbii ki, fiasko ilə bitib və həmişə də belə olacaq, çünki biz güclü hakimiyyətik. Biz heç kimin təxribatına yol verməyəcəyik və heç kimin ölkədə bir növ iğtişaş yaratmasına imkan verməyəcəyik. Əgər onlar həqiqətən də bəzi ağıllı və praqmatik siyasətləri nəzərə alaraq əməkdaşlıq etmək və konstruktiv dialoq aparmaq istəyirlərsə, biz buna hazırıq, ancaq biz gördük ki, qütbləşməni dayandırmaq əvəzinə, hər gün qütbləşməni gücləndirməyə çalışırlar. Bildiyiniz kimi, parlamentdə tam şəffaf proses gedir, işçi qruplar yaradılıb, işlərə başlanılıb. Bizim tərəfimizdən, bizdən asılı olan nə olursa olsun, mümkün olan ən qısa müddətdə əlimizdən gələni edəcəyik ki, avropalı və ya amerikalı dostlarımızdan heç birinin bizim haqqımızda bir sualı qalmasın”, - deyə baş nazir bildirib.


