NATO- nun 9 üzv ölkəsinin prezidentləri Ukrayna məsələsi ilə bağlı birgə bəyanat yayıblar
Mərkəzi və Şərqi Avropada yerləşən NATO-ya üzv ölkələrin prezidentləri birgə bəyanatla çıxış ediblər.
InterPress.ge xəbər verir ki, sənədi Çexiya, Litva, Latviya, Estoniya, Şimali Makedoniya, Monteneqro, Polşa, Rumıniya və Slovakiya prezidentləri imzalayıblar.
"Biz, müharibə zamanı Kiyevə səfər edən və Rusiya təcavüzünün nəticələrini öz gözləri ilə görən Mərkəzi və Şərqi Avropa ölkələrinin prezidentləri Rusiya Federasiyası tərəfindən beynəlxalq hüququn kobud şəkildə pozulmasına səssiz qala bilmərik. Biz Ukraynanın suverenliyini və ərazi bütövlüyünü dəstəkləyirik, Rusiyanın Ukraynanın heç bir ərazisini ilhaq etmək cəhdlərini tanımırıq və tanımayacağıq. Biz Ukraynanın gələcək üzvlüyü ilə bağlı 2008-ci il Buxarest NATO Sammitinin qərarını qətiyyətlə dəstəkləyirik. Biz Ukraynanı Rusiyanın işğalına qarşı müdafiəsində dəstəkləyirik, Rusiyadan dərhal bütün işğal olunmuş ərazilərdən çıxmasını tələb edirik və bütün müttəfiqləri Ukraynaya hərbi yardımı əhəmiyyətli dərəcədə artırmağa çağırırıq", - bəyanatda deyilir.


