Qətərdə keçirilən futbol üzrə dünya çempionatının qalibi müəyyənləşib
Qətərdə keçirilən futbol üzrə dünya çempionatının qalibi müəyyənləşib.
InterPress.ge xəbər verir ki, finalda Fransa yığmasını məğlub edən Argentina millisi üçqat dünya çempionu olub.
Hesabı 23-cü dəqiqədə Cənubi Amerika təmsilçisi açıb. Penaltidən fərqlənən Lionel Messi komandasını önə çıxarıb. 36-cı dəqiqədə Anxel Di Mariya 2-ci topu avropalıların qapısından keçirib. İlk hissə "tanqoçular"ın 2:0 hesablı üstünlüyü ilə başa çatıb.
80-ci dəqiqədə Kilian Mbappe penaltini dəqiq yerinə yetirməklə buraxılan qollardan birinin əvəzini çıxıb. 24 yaşlı hücumçu cəmi 2 dəqiqə sonra tarazlığı bərpa edib. Görüşün əsas vaxtında qalib müəyyənləşmədiyindən əlavə vaxt oynanılıb.
109-cu dəqiqədə Messi özünün ikinci, komandasının isə üçüncü qolunu vurub. Lakin məğlubiyyətlə barışmayan "xoruzlar" 108-ci dəqiqədə hesabı yenidən bərabərləşdiriblər. Mbappe 11 metrlik cərimə zərbəsindən het-trikini rəsmiləşdirib.
Matçın əlavə vaxtında da tarazlıq pozulmadığından penaltilər seriyasından istifadə edilib. Burada daha dəqiq oynayan (4:2) Argentina millisi DÇ-2022-nin qalibi olub.
Qeyd edək ki, Cənubi Amerika təmsilçisi daha əvvəl 1978 və 1986-cı illərdə dünya kubokunu qazanıb.