Ukrayna Putinin açıqlamasından sonra BMT Təhlükəsizlik Şurasının təcili iclasını tələb edir
“Kremlin nüvə şantajı”na görə Ukrayna BMT Təhlükəsizlik Şurasının təcili iclasını tələb edir.
InterPress.ge xəbər verir ki, Rusiya Belarusda taktiki nüvə silahı yerləşdirməyi planlaşdırdığını elan etdikdən sonra Ukrayna BMT Təhlükəsizlik Şurasının fövqəladə iclasını tələb edib.
"Ukrayna Böyük Britaniya, Çin, ABŞ və Fransadan Kremlin nüvə şantajına qarşı təsirli addımlar gözləyir... Biz bu məqsədlə BMT Təhlükəsizlik Şurasının fövqəladə sessiyasının təcili çağırılmasını xahiş edirik", - Ukrayna Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.
Kiyev Rusiyanın taktiki nüvə planlarını “daha bir təxribatçı addım” adlandırır və bunun “bütün beynəlxalq təhlükəsizlik sistemini” sarsıtdığını deyir. Ukrayna beynəlxalq birliyin bütün üzvlərini işğalçı dövlətin nüvə silahından istifadə etməsi ehtimalının qarşısını almaq üçün qətiyyətli tədbirlər görməyə çağırır.
Xatırladaq ki, Rusiya prezidenti Vladimir Putin Moskva və Minskin Belarus ərazisində taktiki nüvə silahlarının yerləşdirilməsi barədə razılığa gəldiyini bildirib.


