
Aİ ölkələrinin əksəriyyəti Ukraynadan taxıl idxalına qoyulan embarqonun uzadılmasına qarşıdır
Avropa İttifaqı (Aİ) ölkələrinin əksəriyyəti sentyabrın 15-dən sonra Ukraynanın kənd təsərrüfatı məhsullarının idxalına qoyulan qadağanın davam etdirilməsinə qarşı çıxıb.
InterPress.ge xəbər verir ki, bu barədə “Politico”nun Avropa nəşri yazıb.
Qəzet dörd avropalı diplomata istinadən yazıb ki, Aİ üzvlərinin əksəriyyəti Polşa, Macarıstan, Rumıniya, Slovakiya və Bolqarıstanla fikir ayrılığına düşüb.
Bu beş ölkə Ukraynanın taxıl idxalına qoyulan yasağın 2023-cü ilin sonunadək uzadılmasının vacibliyində israrlıdır. Bildirilib ki, sentyabrın 6-da Aİ səfirlərinin görüşü baş tutub və orada əksəriyyət ya məhdudiyyətlərin uzadılmasına qarşı çıxıb, ya da təklifə “şübhə ilə yanaşıb”.
KİV-in məlumatına görə, idxal qadağası Fransa və Almaniya nümayəndələri tərəfindən ciddi şəkildə tənqid edilib. Avropa səfirləri Ukraynanın taxıl idxalına görə bir sıra ölkələrin üzləşdiyi çətinlikləri nəzərə alırlar, ancaq assosiasiyanın əksər nümayəndələri Avropa Komissiyasından alternativ tədbirlər təklif etməyi istəyirlər.