Prokurorluq 22 yaşlı gənc qızın qətlində təqsirləndirilən şəxsə ağırlaşdırıcı şəraitdə qəsdən adam öldürmə ittihamı irəli sürüb
Prokurorluq 22 yaşlı Keti Cavaxişvilinin qətlində təqsirləndirilən şəxsə ağırlaşdırıcı şəraitdə qəsdən adam öldürmə ittihamı irəli sürüb.
InterPress.ge xəbər verir ki, bu barədə prokurorluq məlumat yayıb.
"Daxili İşlər Nazirliyi tərəfindən aparılan istintaq zamanı müəyyən edilib ki, fevralın 28-də Tbilisidə təqsirləndirilən şəxs bıçaqla qadın dostunun bədəninə çoxsaylı xəsarətlər yetirib. Aldıqları xəsarətlər nəticəsində zərərçəkmiş yerindəcə dünyasını dəyişib.
Hüquq-mühafizə orqanlarının əməkdaşları təqsirləndirilən şəxsi elə həmin gün saxlayıb. O, Gürcüstan Cinayət Məcəlləsinin 109-cu maddəsinin 16 ildən 20 ilədək və ya ömürlük həbs cəzasını nəzərdə tutan “h” və “m” (qəsdən adam öldürmə, cinsiyyət əlamətinə görə, xüsusi amansızlıqla törədildikdə) bəndləri ilə ittiham olunub.
Prokurorluq qanunla müəyyən edilmiş müddətdə təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin tətbiq edilməsi barədə vəsatətlə məhkəməyə müraciət edir”, - deyə prokurorluğun məlumatında bildirilir.
Xatırladaq ki, qətldə təqsirləndirilən şəxs 2003-cü il təvəllüdlü Otar Tsindelianidir, o, gecə saatlarında Zuqdidi bələdiyyəsində mikroavtobusla Mestiaya gedərkən hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb.
Qətl fevralın 28-də baş verib. Şəhərətrafı qəsəbədə evin yaxınlığındakı xəndəyə atılan gənc qızın meyiti atası tərəfindən tapılıb.


