Fransada etiraz aksiyaları zamanı 1 000-ə yaxın şəxs saxlanılıb
Fransada yüz minlərlə insanın iştirak etdiyi etiraz aksiyaları zamanı 1 000-ə yaxın şəxs saxlanılıb. Rəsmi şəxslərin məlumatına görə, şənbə günü keçirilən aksiyalardan sonra bir neçə yerdə toqquşmalar baş verib.
InterPress.ge xəbər verir ki, bu barədə BBC məlumat yayıb.
Polis Parisdə və bir neçə başqa şəhərdə nümayişçiləri dağıtmaq üçün gözyaşardıcı qazdan və su şırnaqlarından istifadə edib.
Marseldə aksiya iştirakçıları barrikadaları yandırıblar, Bordoda isə mağazalardan birinin vitrinindəki qoruyucu taxtaları söküblər. Lionda polis yerli prefekturanın aksiyalar üçün qadağan olunmuş zona elan etdiyi ərazidə toplaşdığı bildirilən insanları dağıtmaq məqsədilə gözyaşardıcı qazdan istifadə edib.
BBC-nin yazdığına görə, baş verən iğtişaşlara baxmayaraq, hakimiyyət hələlik ötən həftəsonu yaşanan miqyasda qarışıqlıq və talanların qarşısını almağa nail olur.
Fransa Daxili İşlər Nazirliyinin məlumatına görə, şənbə günü keçirilən etiraz aksiyalarında təxminən 410 000 nəfər iştirak edib. Həmkarlar ittifaqlarının məlumatında isə iştirakçıların sayının təxminən 800 000 nəfər olduğu bildirilir.
Asayişi qorumaq və aksiyaların xaosa çevrilməsinin qarşısını almaq üçün təxminən 70 000 polis əməkdaşı səfərbər edilib. Bir neçə şəhərdə məhdudiyyətlər də tətbiq olunub.


