Parlament yayım haqqında qanuna dəyişiklikləri üçüncü oxunuşda təsdiqlədi
Gürcüstan Parlamentində keçirilən plenar iclasda “Yayım haqqında” qanuna nəzərdə tutulan dəyişikliklər üçüncü oxunuşda müzakirə olunaraq qəbul edilib.
InterPress.ge xəbər verir ki, qanun layihəsi 85 deputatın yekdil dəstəyi ilə təsdiqlənib.
Hakim “Gürcü Arzusu” partiyasının hazırladığı qanun layihəsi çərçivəsində televiziya və radio yayımçılarına dair bir sıra yeni tənzimləmə, tələblər və standartlar tətbiq olunacaq.
Dəyişikliklərə əsasən, aşağıdakı məsələlər daha dəqiq qaydalarla tənzimlənəcək:
• Faktların dəqiqliyi və cavab haqqı,
• Ədalət və qərəzsizlik prinsipləri,
• Şəxsi həyata hörmət,
• Yayımçının gizli metodlardan istifadə etməklə informasiya toplaması və yayması,
• Silahlı qarşıdurmaların, bədbəxt hadisələrin və digər fövqəladə vəziyyətlərin işıqlandırılması,
• Yetkinlik yaşına çatmayan şəxslərin qorunması.
Qəbul olunmuş dəyişikliklərə görə, özünütənzimləmə mexanizmləri ilə yanaşı, yayım standartlarının pozulmasına dövlət nəzarəti tətbiq olunacaq. Belə ki, bu sahəyə cavabdeh olan Milli Kommunikasiya Komissiyası artıq mümkün pozuntulara reaksiya vermək səlahiyyətinə malik olacaq.
İddia edilən pozuntu ilə bağlı maraqlı tərəf birbaşa olaraq Komissiyaya şikayət edə biləcək. Əgər pozuntu müəyyən edilərsə, Komissiya yayımçıya aşağıdakı sanksiyaları tətbiq edə bilər:
• Rəsmi xəbərdarlıq,
• Cərimə,
• Bəzi hallarda isə lisenziyanın dayandırılması və ya ləğvi.
Qanunun tələbləri yayımçıların onlayn və sosial şəbəkə səhifələrində yayımladığı məlumatlara da şamil olunacaq.
Qeyd edək ki, qanuna keçid müddəası da əlavə olunub. Bu müddəyə əsasən, yayımçılar 2025-ci il 1 iyuna qədər qanunla müəyyən olunmuş tələbləri pozduğu halda, tənzimləyici komissiyanın tətbiq etdiyi sanksiyalar icra olunmayacaq.


