Saakaşvili: “Tarixdəki yerimi məndən ala bilməzsiniz – bu, əsl kontrinqilabdır”
“Tarixdəki yerimi məndən ala bilməzsiniz – bu, əsl kontrinqilabdır”.
InterPress.ge xəbər verir ki, bu fikirləri Mixail Saakaşvili Tbilisi Şəhər Məhkəməsində “Vivamedi” klinikasından videobağlantı zamanı səsləndirib.
Saakaşvili qeyd edib ki, parlamentdə yaradılmış istintaq komissiyasının məqsədi yalnız “Vahid Milli Hərəkat”ın məhv edilməsi deyil, həm də gürcü xalqının genetik kodunun dəyişdirilməsidir.
“Onlar belə adlanan komissiya yaratdılar, Haaqa məhkəməsində iş qaldırmağa başladılar ki, məni və Gürcüstanı ittiham etsinlər. Bacarmadılar! İndi eynisini Gürcüstanda təkrarlamağa çalışırlar. Onlar tamamilə quldurların, soyğunçuların reabilitasiyasını həyata keçirdilər, Afrasidzələri (tanınmış kriminal ailə) qurban kimi təqdim etdilər. Onlar ki, insanları öldürürdülər, zorlayırdılar, dağıdırdılar, mülklərini əlindən alırdılar. Svanetini viran qoymuşdular və ölkənin digər hissələrində də saysız-hesabsız cinayətlər törətmişdilər. İndi deyirlər ki, guya onlar rejimin bədbəxt qurbanları olublar. Əgər Afrasidzələr Svanetidən çıxarılmasaydı, nə inkişaf olardı, nə turizm, nə də gəlir...”, – deyə Saakaşvili bildirib.
O vurğulayıb ki, komissiyanın işi kontrinqilabdır – kriminal elementlərin, prorus dələduzların və korrupsionerlərin kontrinqilabı.
“Bizim minillik genetikamızı dəyişə bilməyəcəksiniz! Nə qədər çalışsanız da, tarixdəki yerimi ala bilməzsiniz! Bəli, fiziki olaraq məni məhv edə bilərsiniz, bunu da edirsiniz. Amma sonda bizim milli kimliyimizi dəyişə bilməyəcəksiniz. Bu kontrinqilab mütləq iflasa uğrayacaq!” – deyə Saakaşvili vurğulayıb.


