15 
May
2025
13:27
222

Duşetidə qanunsuz “call-center” fəaliyyətinə dair əməliyyat – 14 əcnəbi vətəndaş saxlanılıb

Gürcüstanın Daxili İşlər Nazirliyinin əməkdaşları ölkədə qanuni əsas olmadan yaşayan 14 Çin vətəndaşını saxlayıb.

InterPress.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Nazirliyin məlumatına əsasən, Duşeti bələdiyyəsində yerləşən bir oteldə qanunsuz “call-center” fəaliyyət göstərib.

İstintaqın məlumatına görə, hüquq-mühafizə orqanları tərəfindən həyata keçirilmiş tədbirlər nəticəsində müəyyən olunub ki, oteldə təşkil olunmuş bu mərkəz vasitəsilə xarici vətəndaşlara qarşı dələduzluq həyata keçirilib.

Polisin oteldə apardığı yoxlamalar zamanı, qanunsuz maliyyə fəaliyyəti üçün istifadə edildiyi ehtimal olunan onlarla mobil telefon və fərdi kompüter maddi sübut kimi götürülüb.

Oteldə saxlanılan 14 Çin vətəndaşının Gürcüstanda qanunsuz yaşadığı aşkar edilib. Onların ölkədən çıxarılması prosedurlarına başlanılıb və müvəqqəti yerləşdirmə mərkəzinə köçürülüblər.

Qeyd olunur ki, istintaq tədbirlərindən əvvəl həmin oteldə yanğın baş vermişdi və polis hadisə yerinə çatana qədər yanğın artıq söndürülmüşdü. Məhz bu səbəbdən digər şəxslər ərazini tərk etməyə nail olublar.

Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 180-ci maddəsinin IV hissəsi ilə – təşkil olunmuş qrup tərəfindən dələduzluq – istintaq davam edir. Daxili İşlər Nazirliyi qeyd olunan cinayətdə iştirak edən digər şəxslərin və təşkilatçıların müəyyənləşdirilməsi istiqamətində araşdırmaları davam etdirir.

Bizimlə əlaqə saxlayın