Keçmiş hökumət başçısının son vəziyyəti açıqlandı
Acarıstan hökumətinin keçmiş sədri Tornike Rijvadzenin vəziyyətində müsbət dinamika var, lakin o, hələ də süni tənəffüs aparatına qoşuludur.
InterPress.ge xəbər verir ki, bu barədə Birinci Universitet Klinikasının direktoru Levan Ratiani bildirib.
Jurnalistlərə verdiyi açıqlamada Ratiani deyib ki, Rijvadze klinikaya bu gün səhər saat 06:30 radələrində digər klinikadan çox ağır vəziyyətdə gətirilib:
“Pasiyent bu gün səhər saat 06:30-da gətirilib. O, başqa klinikadan köçürülüb və daxil olanda vəziyyəti olduqca ağır idi, çünki klinik olaraq travmatik-hemorragik şokun əlamətləri müşahidə olunurdu. Hazırda vəziyyətində müsbət dinamika var – şokun dərəcəsi azalıb, hemodinamik göstəricilər nisbətən bərpa olunub. Hələ də süni tənəffüs aparatına qoşuludur və protokolla nəzərdə tutulmuş bütün müalicə tədbirləri həyata keçirilir.”
Qeyd edək ki, bu gün səhər Daxili İşlər Nazirliyi məlumat yayaraq bildirmişdi ki, Saqareco şəhərində yerləşən “GeoHospital” klinikasına Acarıstan hökumətinin keçmiş sədri Tornike Rijvadze döş qəfəsindən odlu silah yarası ilə gətirilib. Nazirliyin məlumatına görə, ona təcili tibbi yardım göstərilib. Həkimlərin sözlərinə görə, onun ağciyəri zədələnib və vəziyyəti sabit ağırdır. Sonradan Rijvadze Saqarecodan Tbilisidəki Birinci Universitet Klinikasına köçürülüb.
Mövcud məlumata görə, Tornike Rijvadzenin işi ilə bağlı odlu silahın səhlənkar saxlanılmasına görə Aleksı Axvlediani adlı şəxs təqsirləndirilən şəxs qismində saxlanılıb.


