Rusiya WhatsApp və Telegram-da səsli və video zəngləri qadağan etdi
Rusiya hökuməti WhatsApp və Telegram messencerlərində səsli və video zənglərin qadağan olunması barədə yekun qərar qəbul edib.
InterPress.ge xəbər verir ki, bu barədə məlumatı rus “Ostorojno Media” nəşri telekommunikasiya sektoruna yaxın mənbələrə istinadən yayıb.
Məlumatda bildirilir ki, təşəbbüs “yüksək səviyyədə” razılaşdırılıb və qərar terrorçularla mübarizə adı altında qəbul edilib. Hökumət mənbəsinin sözlərinə görə, bu məsələyə dair son məsləhətləşmələr avqustun 12-si axşam başa çatıb.
Messencerlərin tam bloklanması nəzərdə tutulmur – Rusiya istifadəçiləri həmin platformalardan və mətn yazışmalarından istifadə edə biləcəklər. Məhdudiyyətlər yalnız audio və video ünsiyyət funksiyalarına şamil olunacaq.
“Ostorojno Media” yazır ki, xarici messencerlərdə zənglərin məhdudlaşdırılması ideyası Rusiyanın ən iri telekommunikasiya operatorlarına məxsusdur. Operatorlar bu addımı bir neçə amillə izah edirlər: sanksiyalar səbəbindən infrastrukturun saxlanma xərclərinin artması və avadanlığın bahalaşması, mobil trafik yükünün çoxalması, eləcə də kiberdələduzluq nəticəsində yaranan itkilərin kompensasiya olunması öhdəliyi.
Avqustun 10-u və 11-də WhatsApp və Telegram istifadəçiləri hər iki messencer vasitəsilə zənglərin keyfiyyətinin kəskin pisləşməsindən kütləvi şəkildə şikayətləniblər. Bu, rus operatorların zənglərin məhdudlaşdırılması təşəbbüsü ilə üst-üstə düşüb. Telekom bazarı mənbələri təsdiqləyiblər ki, zənglərlə bağlı çətinliklər seçici bloklama ilə əlaqədardır və texniki sınaqlar avqustun 1-dən başlanıb.


