04 
Nybr
2025
21:05
141

Şalva Papuaşvili: “Brüssel açıq şəkildə Avropadan və Avropa dəyərlərindən uzaqlaşır”

Gürcüstan Parlamentinin sədri Şalva Papuaşvili bildirib ki, bu gün Avropa tarixinin “çox kədərli anına” şahidlik edilir, çünki Brüssel artıq öz əsas prinsiplərindən — Avropa dəyərlərindən — uzaqlaşır.

InterPress.ge xəbər verir ki, Papuaşvili bununla baölı brifinqdə danışıb. 

Brifinq zamanı çıxış edən Papuaşvili qeyd edib ki, Avropa Komissiyasının Gürcüstanla bağlı son hesabatı “Brüsselin Gürcüstan hökumətinə ideoloji və siyasi diktə tətbiq etmək cəhdidir”. Onun sözlərinə görə, Avropa İttifaqının bəzi strukturları Gürcüstanı “Rusiyayla daha dərin qarşıdurmaya sürükləməyə” çalışır.

“Brüssel Gürcüstana etnik epi­tetlər yapışdırır, onu ‘rus dezinformasiyası yaymaqda’ ittiham edir, amma səssiz qalır — öz səfirlərinin seçkilərə müdaxiləsinə, QHT-lərin və qərəzli medi­aların Aİ vəsaiti ilə maliyyələşdirilməsinə, nifrət nitqinin təşviqinə. Yalan danışır, parlamentin istintaq komissiyasını müxalifətə qarşı vasitə kimi təqdim edir və bununla Saakaşvilinin cinayətkar rejiminin tərəfinə keçir. Həmçinin, ‘xarici təsirin şəffaflığı haqqında qanunu’ təhrif edir, halbuki bu sənəd Qərb analoqlarından olduğu kimi tərcümə olunub,” – deyə Papuaşvili vurğulayıb.

Spikerin sözlərinə görə, bu gün Brüssel öz təməllərindən uzaqlaşıb və “demokratiya və insan haqlarının müdafiəçisi” olmaq əvəzinə, ideologiyalaşmış bürokratik mexanizmə çevrilib:

“Biz bu gün Avropa tarixinin çox kədərli bir anını yaşayırıq — Brüssel açıq şəkildə Avropadan və Avropa dəyərlərindən uzaqlaşır. Demokratiyanın və insan hüquqlarının müdafiəçisi olmaq əvəzinə, indi qarşımızda tənqidçiləri susdurmağa və rəqibləri aradan qaldırmağa çalışan ideoloji bürokratiya durur.”

Papuaşvili əlavə edib ki, Brüsselin Gürcüstanla münasibətlərdə “dəyərlərdən uzaqlaşması” 2022-ci ilin yayında — Gürcüstana Aİ namizəd statusu verilmədiyi vaxtdan — xüsusilə aydın görünüb:

“Bu, açıq-aydın ədalətsizlik idi və məqsədi Gürcüstanda xaos yaratmaq idi. Gürcüstan o vaxt da, indi də Moldova və Ukraynadan irəlidə idi.”

Onun sözlərinə görə, Avropa İttifaqı demokratiyanı və əməkdaşlığı təşviq etmək əvəzinə, Gürcüstan hökumətini “ideoloji və siyasi diktat” altında saxlamağa çalışır:

“Bu diktat yalnız ideoloji deyil, həm də siyasi cəhətdən motivasiyalıdır. Bəzi postsovet siyasətçilər öz dar geosiyasi maraqlarını güdürlər və Gürcüstanı Rusiyayla qarşıdurmaya itələyirlər — ölkənin təhlükəsizliyi və ərazi bütövlüyü bahasına.”

Papuaşvili vurğulayıb ki, Brüssel bu gün Gürcüstanda nifrət, zorakılıq və qarşıdurma yaradan qrupları dəstəkləyir:

“Barışıq və dialoqu təşviq etmək yerinə, Brüssel nifrət və polarizasiyanı dəstəkləyir, legitim və demokratik seçkilərin nəticələrini əsassız şəkildə inkar edir və ATƏT/DTİHB kimi nüfuzlu beynəlxalq institutların hesabatlarını ayaqlayır. Gürcüstanın daxili işlərinə qarışmaq, ‘demokratiya və insan haqları’ adı altında radikal və zorakı müxalifəti dəstəkləmək qəbuledilməzdir.”

Parlament sədri yekun olaraq bildirib ki, bu vəziyyət Gürcüstan xalqının Avropa dəyərlərinə olan inamını sarsıtmaq məqsədi daşıyır, lakin “Gürcü xalqı öz suveren seçimini heç kimə diktə etdirməyəcək.”

Bizimlə əlaqə saxlayın