Levan Sanikidze: Avropa ilə fəal işləyirik ki, gürcü vətəndaşlar üçün vizasız rejim dayandırılmasın
“Vahid Milli Hərəkat” partiyasının liderlərindən biri Levan Sanikidze Avropa Komissiyasının gürcü diplomatik pasport sahibləri üçün vizasız rejimi dayandırmaq qərarına münasibət bildirib.
InterPress.ge xəbər verir ki, Sanikidzenin sözlərinə görə, partiya Avropalı tərəfdaşlarla fəal işləyir ki, bu qərar Gürcüstan vətəndaşlarına şamil olunmasın və gürcü xalqının əldə etdiyi vizasız gediş-gəliş imkanı qorunub saxlanılsın.
“Biz Avropalı tərəfdaşlarımızla fəal işləyirik ki, gürcü vətəndaşlar üçün vizasız rejim dayandırılmasın və bu nailiyyət – gürcü xalqına məxsus olan imkan itirilməsin. Avropanın bunu şantaj üçün istifadə etdiyi barədə iddialar isə çirkli yalandır. Əksinə, məhz onlar Avropanı şantaj edirlər – gürcü xalqını avtoritarizm şəraitində yaşamağa məcbur etməklə və diktator addımlar atmaqla. Bunun nəticələrini indi özləri görürlər”, – deyə Sanikidze bildirib.
Onun sözlərinə görə, Avropa İttifaqının “Gürcü Arzusu”nun ayrı-ayrı nümayəndələrinə qarşı tətbiq etdiyi sanksiyalar adekvat addımdır.
Sanikidze qeyd edib ki, Gürcüstanda hakimiyyətin tətbiq etdiyi qaydalar və gürcü xalqına münasibəti Avropa İttifaqı dövlətləri və onların liderləri üçün qəbuledilməzdir.


