18 
Mar
2026
13:28
214

Tbilisidə Ramazan ayına həsr olunan tədbir və iftar mərasimi keçirilib

Tbilisi şəhərində Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və tabeliyində fəaliyyət göstərən Mənəvi Dəyərlərin Təbliği Fondunun təşkilatçılığı, Azərbaycanın Gürcüstandakı səfirliyinin dəstəyi ilə “Gürcüstan azərbaycanlıları: mənəvi dəyərlər və tarixi ənənələr” mövzusunda tədbir keçirilib, oruc tutanlar üçün iftar mərasimi təşkil olunub.

InterPress.ge xəbər verir ki, tədbir “Qurani-Kərim” ayələrinin tilavəti və iftar duası ilə başlayıb. Qurani-Kərimdən ayələri Azərbaycan İlahiyyat İnstitutunun “İslamşünaslıq” ixtisası üzrə 2-ci kurs tələbəsi Fəyaz Nəsirzadə oxuyub, Quba “Səkinə xanım” məscidinin imamı Həmdullah Dənyarlı isə iftar duasını edib.

Tədbirdə azərbaycanlı icmanın üzvləri, din xadimləri, Gürcüstan parlamentinin azərbaycanlı deputatları, ictimai birliklərin nümayəndələri və şəhid ailələrinin üzvləri iştirak ediblər.

Azərbaycanın Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Faiq Quliyev çıxışında bildirib ki, Gürcüstan azərbaycanlıları yaşadıqları ölkəyə inteqrasiya etməklə yanaşı, dini və milli kimliklərini qoruyub saxlayıblar. O, həmçinin həyata keçirilən layihələrə göstərilən dəstəyə görə Gürcüstan hökumətinə təşəkkür edib və Ramazan ayının insanları ədalət və saf niyyətlər ətrafında birləşdirən dəyərlərini vurğulayıb.

Azərbaycan İlahiyyat İnstitutunun rektoru Aqil Şirinov qeyd edib ki, bu il Ramazan və Novruz bayramları eyni dövrə təsadüf edir. Onun sözlərinə görə, Ramazan mənəvi kamilləşmə və saflıq, Novruz isə xalqın tarixi ənənələrini və milli dəyərlərini əks etdirir. O, bu münasibətlə belə bir tədbirin təşkil olunmasının əhəmiyyətini vurğulayıb.

Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Vüsal Göyüşov tədbirin İlaxır çərşənbə gününə təsadüf etdiyini bildirib və qeyd edib ki, həm Ramazan ayı, həm də İlaxır çərşənbə insanları bir araya gətirən və həmrəyliyi gücləndirən dəyərləri ifadə edir.

Gürcüstan parlamentinin deputatları Savalan Mirzəyev və Zaur Darğalı çıxışlarında bu cür tədbirlərin soydaşlar arasında birlik və həmrəyliyin möhkəmləndirilməsi baxımından əhəmiyyətli olduğunu qeyd ediblər. Həmçinin Azərbaycan və Gürcüstan arasında münasibətlərin qarşılıqlı etimada əsaslanan dostluq və mehriban qonşuluq prinsipləri üzərində qurulduğu vurğulanıb.

Tədbirdə çıxış edən Qafqaz Müsəlmanları İdarəsinin Gürcüstan üzrə nümayəndələri Məhəmməd Şamilov və Sabir Musayev, Ümumi Gürcüstan Müsəlmanları Ali dini idarəsinin sədri Seyid Mirtəqi Əsədov, Veysəl Orucov Ramazan ayının fəzilətindən bəhs edərək birlik və həmrəylik mesajları səsləndiriblər.

Sonda Azərbaycan İlahiyyat İnstitutunun 2024-2025-ci tədris ili üzrə “İslamşünaslıq” ixtisası məzunları İqbal Əiyev və Kamil Məmmədova diplomları təqdim olunub, daha sonra iştirakçılar birlikdə iftar süfrəsi ətrafında oruclarını açıblar.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər