18 
Mar
2026
20:51
359

Səfir Faiq Quliyev: Bəzi din xadimlərinin iftar məclisində iştirak etməməsi qadağalarla bağlıdır

Azərbaycanın Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Faiq Quliyev 17 mart tarixində Azərbaycan Respublikasının Tbilisidə təşkil etdiyi iftar məclisində çıxışı zamanı bəzi din xadimlərinin tədbirdə iştirak etməməsinə münasibət bildirib.

InterPress.ge-nin məlumatına görə, səfir qeyd edib ki, bu məsələ ilə bağlı iştirakçılarda suallar yarana bilər və o, bu məqama xüsusi diqqət yetirmək qərarına gəlib.

“Lakin bir məqamı da xüsusi olaraq vurğulamaq istərdim ki, sizlərdə haqlı olaraq bir sual ola bilər ki, bu gün bu iftar məclisində bizim bəzi din xadimlərimiz iştirak etmir. Mən xüsusi olaraq bu məqama diqqət yetirəcəyəm. Artıq zamanı yetib, öz fikirlərimi sizinlə bölüşəcəyəm”, – deyə səfir bildirib.

Faiq Quliyev vurğulayıb ki, Ramazan ayı münasibətilə təşkil olunan ənənəvi iftar məclisinə dəvət edilmiş bəzi din xadimləri və ruhani soydaşlar müəyyən dairələrin onlara tətbiq etdiyi qadağalar səbəbindən tədbirdə iştirak edə bilməyiblər.

Səfir bu fürsətdən istifadə edərək həmin şəxslərə də müraciət edib və bildirib ki, Azərbaycan dövləti tərəfindən təşkil olunan bu cür tədbirlər hər hansı fərdi və ya qrup maraqlarına deyil, xalqın birliyinə və həmrəyliyinə xidmət edir.

Onun sözlərinə görə, belə məclislərdən uzaq durmaq nə dini, nə də milli həmrəylik ruhuna uyğun mövqe kimi qiymətləndirilə bilər.

Faiq Quliyev əlavə edib ki, soydaşları birləşdirən əsas dəyərlər milli kimlik, mədəni irs və qarşılıqlı hörmət prinsipləridir və bu dəyərlərdən uzaqlaşmaq ümumi maraqlara zərbə vurmaq deməkdir.

Səfir sonda bildirib ki, hər bir soydaşın bu cür məclislərin mahiyyətini düzgün qiymətləndirəcəyinə və gələcəkdə birlik və həmrəylik ruhunu daha da gücləndirəcək addımlar atacağına inanır.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər