Bu gün II İliya dəfn olunacaq
Bütün Gürcüstanın Katolikos-Patriarxı, Həzrətləri və Müqəddəsliyi II İliya bu gün dəfn olunacaq.
InterPress.ge xəbər verir ki, dəfn mərasimi ilə bağlı hazırlıq işləri artıq bir neçə saatdır Tbilisidə yerləşən Sameba kafedral məbədində davam edir. Məbədin içərisində və həyətində xüsusi təşkilati tədbirlər görülür.
Məlumata görə, bu gün məbədə giriş yalnız xüsusi buraxılış vərəqələri ilə mümkündür. Media nümayəndələri üçün də ayrıca sahə ayrılıb, din xadimləri isə məhdud sayda içəri buraxılır. Məbəddə mərasimi canlı izləmək üçün xüsusi ekranlar quraşdırılıb.
Qeyd olunur ki, patriarxla məbəddə vidalaşa bilməyən vətəndaşlar saat 15:00-dan etibarən Sameba məbədindən Sioni kafedralına qədər təşkil olunacaq matəm yürüşü zamanı bunu edə biləcəklər.
Mərasim çərçivəsində saat 09:00-da dini ayin başlayacaq. Ayini Patriarxlıq taxtının müvəqqəti rəhbəri, Senaki və Çxoroçku mitropoliti Şio (Muciri) Müqəddəs Sinod üzvləri ilə birlikdə icra edəcək.
Saat 12:15-də Konstantinopol – Yeni Roma arxiyepiskopu və Ekumenik Patriarx I Varfolomey məbədə gələcək və mərasimdə iştirak edəcək.
Saat 15:00-da isə II İliyanın nəşi Sameba kafedralından Sioni məbədinə doğru piyada matəm yürüşü ilə aparılacaq.
Marşrut boyunca “canlı dəhliz” təşkil ediləcək, həmçinin quraşdırılmış ekranlar vasitəsilə mərasim canlı yayımlanacaq və vətəndaşlar çiçəklərlə ehtiramlarını bildirə biləcəklər.
Qeyd edək ki, bütün Gürcüstanın Katolikos-Patriarxı II İliya 93 yaşında vəfat edib. Onun vəfatı ilə əlaqədar ölkədə matəm elan olunub.


