30 
Mar
2026
15:20
271

Tbilisidə neonasist qruplara qarşı əməliyyat: 13 nəfər saxlanılıb

Gürcüstan Daxili İşlər Nazirliyinin Tbilisi Polis Departamentinin əməkdaşları tərəfindən keçirilən kompleks əməliyyat nəticəsində neonasist qruplaşmaların və faşist ideologiyasının tərəfdarı olan 13 nəfər saxlanılıb.

InterPress.ge xəbər verir ki, bu barədə Tbilisi Polis Departamentinin direktoru Vaja Siradze brifinqdə məlumat verib.

Onun sözlərinə görə, saxlanılan şəxslər müxtəlif yaş qruplarına aid insanlara qarşı xüsusi qəddarlıqla fiziki və psixoloji zorakılıq ediblər. Saxlanılanlardan 7-si azyaşlıdır.

Bildirilib ki, istintaq çərçivəsində artıq həbsdə olan daha 4 nəfərə də əlavə olaraq qrup halında zorakılığın təşkili və iştirak ittihamı irəli sürüləcək.

Aparılan çoxaylıq istintaq nəticəsində müəyyən olunub ki, qruplaşma üzvləri özlərini neonasist adlandırır və faşist ideologiyasını təbliğ edirdilər. Onlar tanınmaq və təsir dairələrini genişləndirmək məqsədilə qurbanlara qarşı xüsusilə amansız davranır, dəyənək, kastet və digər kəsici-deşici alətlərdən istifadə edərək zorakılıq edirdilər. Faşist ideologiyasını bölüşməyən şəxslər isə xüsusi qəddarlıqla hədəfə alınırdı.

Bundan əlavə, hücumlar zamanı qurbanlar qarət olunur və onlardan pul tələb edilirdi. Zorakılıq, işgəncə və alçaldıcı davranışları əks etdirən foto və videolar mobil telefonlarla çəkilərək internet platformalarında yayılırdı.

İstintaq zamanı əldə edilən sübutlara əsasən, qruplaşma üzvlərinin öz aralarında da münaqişələr baş verib və onlar bir-birlərinə qarşı da zorakılıq tətbiq ediblər.

Bu cinayət əməlləri nəticəsində 10-a yaxın şəxs zərər çəkib, onlardan 2-si azyaşlıdır.

Şübhəlilərin evlərində aparılan axtarış zamanı odlu və soyuq silahlar, səs silahları, nasist simvolikası olan əşyalar, mobil telefonlar, maskalar və müxtəlif elektron avadanlıqlar götürülüb.

Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 144¹, 225, 178, 181 və 236-cı maddələri ilə istintaq aparılır. Bu maddələr azyaşlıya qarşı işgəncə, qanunsuz silah dövriyyəsi, zorakılığın təşkili, qarət və hədə-qorxu ilə pul tələb etmə kimi cinayətləri əhatə edir və 15 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.

Qeyd edilib ki, analoji ittihamlarla neonasist qrupların bir neçə lideri artıq həbsdədir və əvvəlki əməliyyatlar zamanı bu qruplaşmaların daha 24 üzvü saxlanılıb.

Daxili İşlər Nazirliyi radikal və zorakı ideologiyaya malik qruplara qarşı mübarizəni davam etdirdiyini bildirib və vətəndaşları belə hallarla bağlı dərhal məlumat verməyə çağırıb.

Bizimlə əlaqə saxlayın