DTX: Saxta sənəd istifadə edən əcnəbi saxlanılıb
Gürcüstanda saxta rəsmi sənəddən istifadə etməkdə təqsirləndirilən xarici ölkə vətəndaşı saxlanılıb.
InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan Dövlət Təhlükəsizliyi Xidməti məlumat yayıb.
Qurumun rəhbərinin birinci müavini Laşa Mağradze bildirib ki, saxlanılan şəxs başqa ölkə vətəndaşının adından çıxış edərək notariat əməliyyatı vasitəsilə üçüncü şəxsə Gürcüstanda qeydiyyatda olan daşınmaz əmlak üzərində sərəncam vermək hüququ qazandırmağa cəhd edib.
İstintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxs saxta pasportdan istifadə etməklə böyük məbləğdə daşınmaz əmlakı ələ keçirməyə çalışıb.
DTX-nin məlumatına görə, əks-kəşfiyyat departamentinin əməkdaşları ölkədə xarici xüsusi xidmət orqanları ilə əlaqəli şəxslərin aşkar olunması və ifşa edilməsi istiqamətində intensiv əməliyyat tədbirləri həyata keçirirlər.
Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 362-ci maddəsinin 2-ci hissəsinin “b” bəndi və 19, 180-ci maddənin 3-cü hissəsinin “b” bəndi ilə istintaq aparılır. Həmin maddələr 6 ildən 9 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.


