22 
Iyn
2026
13:48
88

Əhali artımı ilə bağlı statistika açıqlandı - Kvemo Kartlidə əhali artır

Gürcüstanda 2024-cü ildə keçirilən əhalinin siyahıyaalınmasının nəticələrinə əsasən, ölkə əhalisinin 96,1 faizini Gürcüstan vətəndaşları təşkil edir. Eyni zamanda, Tbilisi, Acara və Kvemo Kartlidə əhali artımı qeydə alınıb.

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika Xidmətinin (Sakstat) direktoru Qoqita Todradze məlumat verib.

Onun sözlərinə görə, siyahıyaalınmanın nəticələrinə əsasən, Gürcüstan əhalisinin 96,1 faizi, yəni 3 milyon 775 min nəfəri ölkə vətəndaşıdır. Onlardan 8 865 nəfəri ikili vətəndaşlığa malikdir. Son 10 ildə Gürcüstan vətəndaşlarının sayı 2,5 faiz və ya 91 min nəfər artıb.

Statistikaya görə, xarici ölkə vətəndaşlarının payı 3,4 faiz təşkil edir ki, bu da 134 min nəfərə bərabərdir. Onlardan 1 063 nəfəri vətəndaşlığı olmayan şəxslərdir.

Todradzenin sözlərinə görə, Gürcüstanda daimi yaşayan xarici vətəndaşlar arasında ən böyük qrupu Rusiya vətəndaşları təşkil edir. Belə ki, ölkədə 37 700 Rusiya vətəndaşı yaşayır ki, bu da ümumi əhalinin təxminən 1 faizinə bərabərdir.

Bundan əlavə, Gürcüstanda 23 900 Hindistan, 11 500 Ukrayna, 8 300 Azərbaycan və 5 400 Ermənistan vətəndaşı daimi yaşayır.

InterPress.ge xəbər verir ki, siyahıyaalınma nəticələri ölkədə urbanizasiya səviyyəsinin artdığını da göstərib. Hazırda əhalinin 62 faizi şəhərlərdə, 38 faizi isə kənd yaşayış məntəqələrində yaşayır. Son 10 ildə şəhər əhalisinin payı 5 faiz bəndi artıb.

Tbilisidə ölkə əhalisinin 34 faizi yaşayır. Paytaxtın əhalisi 1 milyon 331 min nəfərə çatıb ki, bu da 2014-cü ilin göstəricisindən 20 faiz və ya 223 min nəfər çoxdur.

Batumidə də əhali artımı diqqət çəkib. Şəhərin əhalisi son 10 ildə 54 faiz artaraq 153 mindən 236 min nəfərə yüksəlib.

Todradze bildirib ki, Tbilisi ilə yanaşı, əhali artımı Acara Muxtar Respublikası və Kvemo Kartli bölgəsində də qeydə alınıb. Digər bölgələrdə isə azalma tendensiyası müşahidə olunub. Əhalisi ən çox azalan bələdiyyələr arasında Dağlıq Acara bölgəsinin rayonları, həmçinin Tsageri, Tskaltubo, Tkibuli və Lançxuti göstərilib.

Milli tərkibə gəlincə, Gürcüstan əhalisinin 84,1 faizini və ya 3 milyon 304 min nəfərini etnik gürcülər təşkil edir. Son 10 ildə onların sayı 80 min nəfər artıb.

Ölkədə yaşayan azərbaycanlıların sayı 269 min nəfərdir və onlar ümumi əhalinin 6,8 faizini təşkil edirlər. Bu göstərici ilə azərbaycanlılar Gürcüstanda ikinci ən böyük etnik qrup olaraq qalırlar.

Üçüncü yerdə 4,3 faiz payla ermənilər qərarlaşıb. Onlardan sonra isə ruslar (1,1 faiz) və hindistanlılar (0,6 faiz) gəlirlər.

Qeyd edək ki, açıqlanan məlumatlar 2024-cü il ümummilli əhalinin siyahıyaalınmasının yekun nəticələrinə əsaslanır.

Bizimlə əlaqə saxlayın