15 
Sen
2026
17:37
65

Hakim komanda “Gürcüstan naminə” fraksiyasının mitinqlərlə bağlı qanunvericilik təşəbbüsünü rədd edib

Hakim komanda parlamentdə “Gürcüstan naminə” fraksiyasının təqdim etdiyi, toplantı və nümayişlərlə bağlı 2024-cü ilə qədər qüvvədə olan hüquqi normaların bərpa edilməsini nəzərdə tutan qanunvericilik təşəbbüsünü rədd edib.

InterPress.ge xəbər verir ki, müxalifət fraksiyası bu istiqamətdə “Toplantılar və nümayişlər haqqında” qanuna, həmçinin İnzibati Xətalar Məcəlləsinə və cinayət qanunvericiliyinə dəyişikliklər təqdim edib. Səsvermənin nəticələrinə görə, təşəbbüsün əleyhinə 16 deputat səs verib, 28 deputat isə dəstəkləyib. Yetərli səs toplanmadığı üçün qanunvericilik paketi qəbul edilməyib.

Məlumat üçün bildirək ki, Giorgi Qaxariyanın partiyasının parlamentdə 12 deputatı var.

“Gürcüstan naminə” fraksiyasının qiymətləndirməsinə görə, hazırda qüvvədə olan repressiv normalar Konstitusiya ilə təmin edilən toplantı və nümayişlərin keçirilməsi fundamental hüququnu qeyri-mütənasib şəkildə məhdudlaşdırır. Fraksiyanın fikrincə, hüquq-mühafizə orqanlarına həddindən artıq geniş və qeyri-müəyyən səlahiyyətlər verilib ki, bu da istənilən dinc nümayişçini hüquqi baxımdan müdafiəsiz vəziyyətə salır.

Parlamentə təqdim edilən qanun layihəsində toplantılarla bağlı inzibati funksiyaların Daxili İşlər Nazirliyindən yenidən meriyalara qaytarılması nəzərdə tutulurdu.

Təşəbbüsə əsasən, toplantı insanların hərəkəti üçün nəzərdə tutulan yerdə - səkidə keçirildiyi və nəqliyyat yolunun bağlanmasına səbəb olmadığı halda, əvvəlcədən xəbərdarlıq etmək öhdəliyinin ləğvi nəzərdə tutulurdu.

Bundan əlavə, Daxili İşlər Nazirliyinin toplantının alternativ yeri, vaxtı və ya hərəkət istiqaməti ilə bağlı məcburi göstərişlər vermək səlahiyyətinin də ləğv edilməsi təklif olunurdu.

Hakim çoxluğun rədd etdiyi qanunvericilik təşəbbüsü, həmçinin mülki dövriyyədə olan əşyanın və ya predmetin saxlanılmasına qoyulan qadağanın ləğvini nəzərdə tuturdu. Bu qadağa həmin əşya “Cinayət Məcəlləsi” ilə nəzərdə tutulan cinayətin predmetinə çevrilmədiyi halda tətbiq edilməməli idi.

Bundan başqa, toplantı iştirakçılarına etirazlarını ifadə etmə formasını özləri müəyyənləşdirmək hüququnun verilməsi təklif olunurdu. Bununla belə, kritik əhəmiyyətli müəssisələrin fəaliyyətinin maneəsiz təmin edilməsi məqsədilə 20 metrlik zonaya riayət edilməsi nəzərdə tutulurdu.

Bizimlə əlaqə saxlayın