15 
Sen
2026
12:35
78

Batumidə narkotik cinayəti ilə bağlı 4 nəfər saxlanılıb

Daxili İşlər Nazirliyinin Mərkəzi Cinayət Polisi Departamentinin Acarıstan Baş İdarəsinin əməkdaşları narkotik cinayəti ittihamı ilə Batumidə müxtəlif vaxtlarda 4 nəfəri saxlayıblar.

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.

Nazirliyin məlumatına görə, saxlanılan şəxslərdən 3-ü xarici ölkə, 1-i isə Gürcüstan vətəndaşıdır. Onlar külli və xüsusilə külli miqdarda narkotik vasitələrin qanunsuz əldə edilməsi, saxlanılması və satışına yardım göstərilməsi, həmçinin narkotik tərkibli bitkilərin qanunsuz əkilməsi, yetişdirilməsi və becərilməsində ittiham olunurlar.

İstintaq tədbirləri nəticəsində müəyyən edilib ki, saxlanılan şəxslərdən biri Batumidə kirayə götürdüyü mənzildə xüsusi istixana qurub və burada sonradan satış məqsədilə narkotik tərkibli “kannabis” bitkisinin qanunsuz yetişdirilməsi və becərilməsi ilə məşğul olub.

Polis əməkdaşlarının saxlanılan şəxslərin üzərində, müvəqqəti yaşadıqları mənzildə və avtomobillərində apardıqları axtarışlar nəticəsində xüsusilə külli miqdarda müxtəlif növ narkotik vasitələr maddi sübut kimi götürülüb.

Məlumata görə, götürülən narkotik vasitələr arasında 25 bağlamada qablaşdırılmış “mefedron”, 20 bağlama “həşiş” və 4 kiloqrama yaxın “kannabis” bitkisi olub.

Hüquq-mühafizə orqanlarının əməkdaşları, həmçinin, narkotik vasitələrin qablaşdırılması və becərilməsi üçün zəruri materialları da aşkar edərək götürüblər.

Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 260-cı, 260-cı kvart və 265-ci prim maddələri ilə istintaq aparılır. Bu maddələr 20 ilədək və ya ömürlük azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.

Bizimlə əlaqə saxlayın