Kaxa Kaladze: Rustaveli prospektində işlər noyabrın sonunda tam başa çatacaq
Tbilisinin Rustaveli prospektində yenilənmə işləri aktiv şəkildə davam etdirilir. İşlərin noyabrın sonunda tam başa çatdırılması planlaşdırılır.
InterPress.ge xəbər verir ki, bu barədə Tbilisi meri Kaxa Kaladze hökumətin iclasında bildirib.
“Rustaveli prospektində mühüm işlər görülür. Şəhərimiz üçün bu ərazinin qaydaya salınması və yenilənməsi çox vacibdir. İlk növbədə yeraltı kommunikasiyalar yenilənir. İşlər aktiv şəkildə davam edir. İlk gündən işlərə cəlb olunan hər kəsə təşəkkür etmək istəyirəm.
Bizim vədimiz ondan ibarət idi ki, sentyabrın 15-dək müəyyən bir hissə tamamlanacaq və avtomobillərin hərəkəti mümkün olacaq. Bu vəd yerinə yetirildi. Hazırda həm avtomobillər, həm də ictimai nəqliyyat üçün Çovelidze küçəsindən Elbakidze yoxuşunadək hərəkət mümkündür.
Bu, müəyyən mənada nəqliyyat baxımından yaranmış ağır vəziyyəti yüngülləşdirdi. Təbii ki, işlər hələ tam başa çatmayıb. Bilirsiniz ki, bütün işlər noyabrda, noyabrın sonunda tamamlanacaq. O vaxta qədər müəyyən məhdudiyyətlər və hərəkətlə bağlı narahatlıqlar olacaq. Bunun üçün cəmiyyətdən üzr istəyirəm. Bu tip işləri başqa cür həyata keçirmək mümkün deyil.
İşləri davam etdirəcəyik ki, hər şeyi mümkün qədər tez başa çatdıraq”, - deyə Kaladze bildirib.


