27 
Iyn
2026
11:33
73

Gürcüstanda iri narkotik şəbəkəsinə qarşı əməliyyat: 8 nəfər saxlanılıb

Gürcüstan Daxili İşlər Nazirliyinin Mərkəzi Kriminal Polis Departamentinin əməkdaşları külli miqdarda narkotik vasitələrin qanunsuz əldə edilməsi, saxlanılması, Gürcüstana gətirilməsi və satışına köməklik göstərilməsi ittihamı ilə 8 nəfəri saxlayıblar.

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, saxlanılanlar arasında Gürcüstan, Türkiyə və Yaponiya vətəndaşları var.

Hüquq-mühafizə orqanlarının əməkdaşları saxlanılan şəxslərin üzərində, yaşadıqları evlərdə aparılan axtarışlar, həmçinin istintaq eksperimenti zamanı onların göstərdikləri yerlərdən satış üçün hazırlanmış xüsusilə külli miqdarda narkotik və psixotrop maddələr aşkar edərək maddi sübut kimi götürüblər. Götürülən maddələr arasında kokain, metadon, buprenorfin, metamfetamin, opium, amfetamin, marixuana, çətənə bitkisi və 300-ə yaxın preqabalin həbi var.

Nazirliyin məlumatına görə, saxlanılanlar arasında adlarına göndərilən poçt bağlamalarının xüsusi əməliyyat zamanı əvəzlənməsi nəticəsində ifşa olunan şəxslər də var. Bu əməliyyat Mərkəzi Kriminal Polis Departamenti ilə Gəlirlər Xidmətinin Gömrük Departamentinin əməkdaşlarının birgə həyata keçirdiyi tədbirlər çərçivəsində baş tutub və nəticədə xüsusilə külli miqdarda narkotik vasitələr maddi sübut kimi götürülüb.

İstintaq tədbirləri zamanı polis narkotik vasitələrin qablaşdırılması üçün istifadə olunan materialları da aşkarlayaraq götürüb.

Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 260, 260¹, 19-260, 261, 19-262 və 265¹-ci maddələri ilə istintaq aparılır. Təqsirləndirilən şəxsləri 20 ilədək və ya ömürlük azadlıqdan məhrumetmə cəzası gözləyir.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər