Gürcüstanda elektrik enerjisinin verilişi qəza səbəbindən dayandırılıb – Açıqlama
Gürcüstan Dövlət Elektrik Sistemi ölkə ərazisində elektrik enerjisinin qəza səbəbindən kəsilməsi ilə bağlı məlumat yayıb.
InterPress.ge xəbər verir ki, bu gün saat 00:10 radələrində ölkə üzrə elektrik enerjisinin verilişi qəza səbəbindən dayandırılıb.
Məlumata görə, hazırda bərpa işləri aparılır və elektrik enerjisinin verilişi istehlakçılar üçün mərhələli şəkildə ən qısa zamanda tam bərpa olunacaq.
Bildirilir ki, bu mərhələdə Msxeta-Mtianeti regionuna və Tbilisinin böyük hissəsinə elektrik enerjisinin verilişi qismən bərpa edilib.
Dövlət Elektrik Sistemi həmçinin qeyd edib ki, elektrik enerjisinin kəsilməsinin səbəbi ilə bağlı müxtəlif dezinformasiyalar yayılır və media nümayəndələrini yalnız rəsmi məlumatlara istinad etməyə, təsdiqlənməmiş məlumatları yaymamağa çağırıb.
Qurumun yaydığı yenilənmiş məlumata əsasən, elektrik enerjisinin verilişi ölkə üzrə mərhələli şəkildə bərpa olunur.
Bu vaxta olan məlumata görə, Tbilisinin Didube, Vake, Mtatsminda və Krtsanisi rayonlarına, həmçinin Kutaisi, Çiatura, Saçxere, Oni və Ambrolauri şəhərlərinin bir hissəsinə elektrik enerjisinin verilişi bərpa edilib.
Qeyd olunub ki, qəzanın dəqiq səbəblərinin müəyyənləşdirilməsi istiqamətində işlər davam edir və əlavə məlumat ictimaiyyətə təqdim olunacaq.


