Gürcüstandan qalxan təyyarə düşdü
Batumidən havaya qalxan kiçik ölçülü şəxsi təyyarə Türkiyə sahilləri yaxınlığında dənizə məcburi eniş edib.
InterPress.ge xəbər verir ki, Türkiyə mediasının yaydığı məlumata görə, göyərtəsində iki nəfərin olduğu şəxsi təyyarə Batumidən Ordu-Giresun hava limanı istiqamətində uçarkən texniki nasazlıq səbəbindən Rize vilayətinin sahilləri yaxınlığında dənizə məcburi eniş edib.
Xilasedicilər hər iki şəxsi xilas etməyə müvəffəq olublar və onların həyatına heç bir təhlükə yoxdur.
Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyinin məlumatına görə, iki yerlik WT9 tipli təyyarə Fransada qeydiyyatdan keçib.
Rize valisi İhsan Səlim Baydaş təyyarənin göyərtəsində iki Belçika vətəndaşının olduğunu bildirib.
“Onların həyatına heç bir təhlükə yoxdur. Onlardan biri 55, digəri isə 69 yaşındadır. Müayinə üçün xəstəxanaya aparılıblar”, - deyə vali bildirib.


