Gürcüstanda yeni iPhone modellərinin qiymətləri məlum olub
Apple şirkətinin illik təqdimatında üç yeni məhsul – iPhone 18 Pro, iPhone 18 Pro Max və şirkətin ilk qatlana bilən smartfonu iPhone Duo təqdim edilib. Yeni modellərin yaxın zamanda dünya bazarına çıxarılması planlaşdırılır.
InterPress.ge xəbər verir ki, Gürcüstan bazarında iPhone 18 Pro və iPhone 18 Pro Max modellərinin satışına sentyabrın 20-25-dən etibarən başlanacağı, iPhone Duo-nun isə oktyabrın sonlarından satışa çıxarılacağı gözlənilir.
Texnika mağazalarının verdiyi məlumata görə, Gürcüstan bazarında yeni modellərin ilkin qiymətlərinin belə olacağı gözlənilir:
iPhone Duo – ilkin mərhələdə təxminən 12 000 lari, müəyyən müddətdən sonra isə qiymətin 10 000 lariyə qədər sabitləşəcəyi gözlənilir;
iPhone 18 Pro – ilkin qiymət 5 500 lari olacaq;
iPhone 18 Pro Max – ilkin qiymət 6 000 lari olacaq.
Texnika mağazalarında yeni smartfonların qiymətlərinin Yeni ildən sonra tədricən aşağı düşəcəyi ehtimal edilir.
Bildirilir ki, yeni iPhone modellərinin bütün rəng variantları Gürcüstanın yerli bazarında əlçatan olacaq.
Qeyd edək ki, Apple yeni məhsullarını sentyabrın 9-da təqdim edib. iPhone 18 Pro və iPhone 18 Pro Max modelləri qara, gümüşü, buzlaq və bordo rənglərdə təqdim olunur.
Apple-ın ilk qatlana bilən smartfonu olan iPhone Duo isə qara və ağ rəng variantlarında satışa çıxarılacaq.
iPhone 18 Pro-nun rəsmi qiyməti 1 199 ABŞ dollarından, iPhone 18 Pro Max-in qiyməti isə 1 299 ABŞ dollarından başlayır.
Təqdimatın əsas yeniliklərindən biri olan iPhone Duo-nun rəsmi qiyməti isə 1 999 ABŞ dollarından başlayır.
Dünya bazarında iPhone 18 Pro və iPhone 18 Pro Max modelləri üçün ilkin sifarişlər sentyabrın 12-dən başlayacaq, rəsmi satışlara isə sentyabrın 18-dən etibarən start veriləcək. iPhone Duo-nun qlobal satışlarının isə oktyabrın 23-dən başlayacağı açıqlanıb.


