13 
Sen
2026
14:42
89

Gürcüstanda vahid milli imtahanların seçmə fənləri sırasına yeni dili əlavə olunacaq

Gürcüstanın təhsil naziri Givi Mikanadze bildirib ki, gələn ildən etibarən vahid milli imtahanların seçmə fənləri sırasına italyan dili də əlavə olunacaq.

InterPress.ge xəbər verir ki, nazir ümumi təhsil islahatı çərçivəsində gözlənilən yeniliklərdən danışarkən, buraxılış siniflərində “repetitorium” yanaşmasının tətbiqinin planlaşdırıldığını bildirib. Onun sözlərinə görə, bu yanaşma şagirdlərin maraqlarına və peşə seçiminə əsaslanacaq.

“Yaxın zamanda gələn ildən tətbiq olunacaq yenilik üzərində işə başlayırıq. Bu, ‘repetitorium’dur. Buraxılış siniflərində gənclərə milli imtahanlarda verəcəkləri 3 və ya 4 fənni seçməyi təklif edirik. Müvafiq müəllimləri seçməli, onları yenidən hazırlamalı və bir il ərzində bütün fənlər üzrə dərsliklər hazırlamalıyıq”, - deyə təhsil naziri bildirib.

Mikanadzenin sözlərinə görə, nazirlik, həmçinin, 7 qanunu əvəz etməli olan “Təhsil və elm haqqında” vahid qanun layihəsi üzərində işə başlayıb.

Nazirin açıqlamasına əsasən, qanun layihəsində bir sıra istiqamətlər, o cümlədən doktorantura və ali təhsilin üçüncü pilləsi ilə bağlı məsələlər öz əksini tapacaq.

“Biz vahid qanun layihəsi üzərində işləməyə başlamışıq. Bu, 7 qanunu əvəz etməli olan ‘Təhsil və elm haqqında’ qanun olacaq. Məqsədimiz təşəbbüsü yaz sessiyasında təqdim etməkdir. Orada bir çox istiqamətlər, o cümlədən doktorantura və üçüncü pillə ilə bağlı məsələlər formalaşdırılacaq.

Üçüncü pillə ilə bağlı ilin sonunadək müəyyən konsepsiyanı təqdim etməyimiz mümkündür. Biz bunu akademik ictimaiyyətlə birlikdə müzakirə edəcək, mövqeləri razılaşdıracaq və bundan sonra prosesə davam verəcəyik”, - deyə Givi Mikanadze “İmedi” telekanalına bildirib.

Bizimlə əlaqə saxlayın