17 
Sen
2026
11:15
92

Tbilisidə lombardları aldadan şəxs saxlanılıb

Tbilisidə dəfələrlə törədilmiş dələduzluq, dələduzluğa cəhd və saxta sənəd hazırlama-istifadə etmə ittihamları ilə bir nəfər saxlanılıb.

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.

Nazirliyin məlumatına görə, hüquq-mühafizə əməkdaşları təqsirləndirilən şəxsi Tbilisidəki lombardlardan birində mobil telefon girov qoymağa çalışdığı zaman saxlayıblar. Telefonun saxta kodu olduğu müəyyən edilib.

DİN-dən bildirilib ki, maddi sübut kimi götürülmüş qutu açılarkən onun içərisində real mobil telefon əvəzinə gipsdən hazırlanmış, telefona bənzər əşya aşkarlanıb.

“İstintaq zamanı həmçinin müəyyən edilib ki, təqsirləndirilən şəxs ortağı ilə birlikdə müxtəlif lombardlarda mobil telefonlara bənzəyən 6 imitasiya edilmiş əşyanı girov qoyub və bununla şirkətlərə əhəmiyyətli maliyyə ziyanı vurub.

Hüquq-mühafizə əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri və istintaq hərəkətləri nəticəsində bir nəfər saxlanılıb. Cinayətdə iştirak edən daha bir şəxsin saxlanılması üçün müvafiq polis tədbirləri davam etdirilir.

Maddi sübut kimi dələduzluq yolu ilə mənimsənilmiş pulun bir hissəsi, mobil telefon imitasiya modelləri, həmçinin saxta zəmanət sənədləri götürülüb.

İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 180-ci, 19-180-ci və 362-ci maddələri ilə aparılır. Sözügedən maddələr 9 ilədək müddətə azadlıqdan məhrumetməni nəzərdə tutur”, – deyə məlumatda bildirilib.

Bizimlə əlaqə saxlayın