Tbilisidə 7 dövlət uşaq bağçasında təlim-tərbiyə prosesi dayandırılıb
Tbilisidə bir neçə dövlət uşaq bağçasında qeydə alınan intoksikasiya əlamətləri səbəbindən 7 bağçada təlim-tərbiyə prosesi dayandırılıb. Digər 183 dövlət bağçası isə fəaliyyətini davam etdirir.
InterPress.ge xəbər verir ki, bu barədə Tbilisi Uşaq Bağçalarının İdarə Edilməsi Agentliyi məlumat yayıb.
Agentliyin məlumatına görə, Tbilisidəki bir neçə dövlət bağçasında qeydiyyatda olan uşaqlarda yüksək hərarət, bəzi hallarda isə ürəkbulanma və qusma müşahidə olunub. Uşaqlar müxtəlif klinikalara müraciət ediblər.
“Epidemioloqların tövsiyəsinə əsasən və qanunvericiliyə uyğun olaraq, epidemioloji risklərin qarşısının alınması məqsədilə 7 dövlət uşaq bağçasında təlim-tərbiyə prosesi dayandırılıb. Digər 183 bağça fəaliyyətini davam etdirir.
Agentlik bütün müvafiq qurumlarla, o cümlədən Tbilisi Epidemioloji Nəzarət Xidməti, Milli Qida Agentliyi, Gürcüstan Maliyyə Nazirliyinin İstintaq Xidməti və Xəstəliklərə Nəzarət üzrə Milli Mərkəzlə koordinasiyalı şəkildə bütün zəruri tədbirləri həyata keçirir”, – deyə məlumatda bildirilib.
Tbilisidəki 182 saylı uşaq bağçasının valideynlərindən biri, uşağının bağçada zəhərləndiyi bildirilən Natia Bedenaşvili “InterPressnews”a açıqlamasında uşaqlarda intoksikasiyaya südün səbəb olduğunu düşündüyünü deyib.
Valideynin sözlərinə görə, o, Milli Qida Agentliyinə müraciət edib və qurumdan məsələnin araşdırılmasına başlanıldığı bildirilib.
“Uşaq axşam bağçadan gələndə yatdı. Oyandıqdan sonra qusmağa başladı, üç dəfə ürəyi bulandı, qarnı ağrıdı və yüksək hərarəti oldu. Sosial şəbəkəyə daxil olanda intoksikasiya ilə bağlı çoxlu məlumatların yayıldığını gördüm. Uşağımı hələ xəstəxanaya aparmamışam, hazırda evdədir.
Müəllimlə də danışdım və dedi ki, bağçaya heç kim gəlməyib, bütün uşaqların vəziyyəti pisdir. Ehtimal olunur ki, bakteriyalarla çirklənmiş süddən zəhərləniblər. Belə intoksikasiya əlamətləri bakteriyalara xasdır. Uşağım dedi ki, kərə yağlı çörək yeyib, sonra süd içib, başqa heç nə yeməyib. Digər zəhərlənən uşaqların valideynləri də deyirlər ki, onların uşaqları süd qəbul edib. Böyük ehtimalla, düşünürəm ki, buna süd məhsulu səbəb olub.
Müəllim mənə dedi ki, bağçaya o qədər keyfiyyətsiz məhsullar gətirilir ki, valideynlərə uşaqları bağçada yedirtməməyi, bağçaya gəlməzdən əvvəl evdə yedirtməyi deyirəm.
Milli Qida Agentliyinə müraciət edib soruşdum ki, əgər qidaları yoxlayırsınızsa, onda xarab olmuş qida bağçaya necə daxil olub. Mənə araşdırmaya başladıqlarını dedilər”, – deyə Natia Bedenaşvili bildirib.
124 saylı bağçanın bəzi valideynləri isə “InterPressnews”a bildiriblər ki, onların uşaqlarında yaranan intoksikasiyaya ehtimal ki, kotlet səbəb olub.
Məlumat üçün bildirək ki, Maliyyə Nazirliyinin İstintaq Xidməti uşaq bağçalarında baş verən intoksikasiya faktları ilə bağlı araşdırmaya başlayıb. Hazırda Tbilisidə yerləşən 20 uşaq bağçasında 55 uşaq və 1 tərbiyəçidə intoksikasiya əlamətləri müşahidə olunur. Onlara 6 tibb müəssisəsində tibbi yardım göstərilib.
İstintaq çərçivəsində artıq 50-dən çox uşağın qanuni nümayəndəsi və tibb müəssisələrinin əməkdaşları dindirilib.
“Hazırda mövcud məlumatlara görə, intoksikasiya bakterial infeksiya ilə əlaqəli ola bilər. İnfeksiyanın mənbəyinin isə, ehtimal ki, uşaq bağçalarında qəbul edilən qida məhsulları olduğu bildirilir. İntoksikasiyaya konkret olaraq hansı məhsulun səbəb olduğu müvafiq ekspertiza nəticəsində müəyyən ediləcək.
İstintaq davam edir. İntoksikasiya hallarının qeydə alındığı bütün uşaq bağçalarından iş üçün əhəmiyyətli əşyalar, sənədlər və qida məhsulları götürüləcək”, – deyə məlumatda qeyd olunub.


