İrakli Kobaxidze uşaq bağçalarında uşaqların intoksikasiyası ilə bağlı: Əgər konkret şirkətin günahı müəyyənləşərsə, məsuliyyət də olacaq
“Görünür, konkret problem olub, lakin hadisələri qabaqlamaq istəmirəm. Əsas məsələ müvafiq qurumların səbəbi müəyyən etməsidir. Konkret şirkətin və ya şirkətlərin günahının olub-olmadığı araşdırılmalıdır. Bu halda məsuliyyət də müəyyən ediləcək”, – Gürcüstanın Baş naziri İrakli Kobaxidze bildirib.
InterPress.ge xəbər verir ki, Kobaxidze Tbilisidə uşaq bağçalarında uşaqların intoksikasiyası ilə bağlı istintaqın başlanmasına münasibət bildirərkən qeyd edib ki, paytaxt üzrə bağçaları qida və müvafiq xidmətlə təmin edən konkret şirkət fəaliyyət göstərir.
“Ümumiyyətlə, nəzarət həyata keçirilir. Paytaxt miqyasında qidalanmanı və müvafiq xidməti təmin edən konkret şirkət var.
Görünür, konkret problem olub, lakin mən hadisələri qabaqlamaq istəmirəm. Əsas məsələ müvafiq qurumların səbəbi müəyyən etməsidir. Konkret şirkətin və ya şirkətlərin günahının olub-olmadığı araşdırılmalıdır. Bu halda məsuliyyət də müəyyən ediləcək.
Lakin gəlin istintaqı qabaqlamayaq. Bu məsələ araşdırılmalıdır və yalnız bundan sonra şərh verə biləcəyik”, – deyə Baş nazir bildirib.
Məlumat üçün bildirək ki, Gürcüstan Maliyyə Nazirliyinin İstintaq Xidməti uşaq bağçalarında intoksikasiya faktı ilə bağlı araşdırmaya başlayıb. Hazırda Tbilisidə yerləşən 20 uşaq bağçasında 55 uşaq və 1 tərbiyəçidə intoksikasiya əlamətləri müşahidə olunur. Onlara 6 klinikada tibbi yardım göstərilib.
İstintaq Xidmətinin məlumatına görə, araşdırma çərçivəsində 50-dən çox uşağın qanuni nümayəndəsi və tibb müəssisələrinin əməkdaşları artıq dindirilib.
“Hazırda mövcud məlumatlara görə, intoksikasiya bakterial infeksiya ilə əlaqəli ola bilər. İnfeksiyanın mənbəyinin isə, ehtimal ki, uşaq bağçalarında qəbul edilən qida məhsulları olduğu bildirilir. İntoksikasiyaya konkret olaraq hansı məhsulun səbəb olduğu müvafiq ekspertiza nəticəsində müəyyən ediləcək.
İstintaq davam edir. İntoksikasiya hallarının qeydə alındığı bütün uşaq bağçalarından iş üçün əhəmiyyətli əşyalar, sənədlər və qida məhsulları götürüləcək”, – deyə məlumatda qeyd olunub.
Uşaq bağçalarında uşaqların ehtimal olunan intoksikasiyası ilə bağlı araşdırmaya Gürcüstanın Milli Qida Agentliyi də başlayıb.


